440 ildir susuz səhrada yaşayan sirli ağac
Bəhreynin Saxir səhrasında yerləşən və yaxınlıqda su mənbəyi olmayan “Həyat Ağacı” hər il minlərlə turisti cəlb edir.
Metbuat.az xəbər verir ki, Manamadan təxminən 35 kilometr məsafədə yerləşən ağacın hündürlüyü 10 metrdir. Orta illik yağıntının cəmi 150 millimetr olduğu ərazidə təkbaşına böyüyən akasiya ağacı Fars körfəzinin ən maraqlı təbii xüsusiyyətlərindən biri sayılır. Yerli olaraq “qaf” adlandırılan akasiyalar adətən 70-80 il yaşasa da, bu ağacın təxminən 440 yaşı olduğu bildirilir. Ağacın əsrlərdir su mənbəyi olmadan necə yaşadığı isə hələ də tam olaraq müəyyən edilməyib.
Bəhreyn Turizm və Sərgi İdarəsinin məlumatına görə, “Həyat Ağacı”nı hər il orta hesabla 50 min nəfər ziyarət edir. Ağacın qorunması üçün ətrafına dairəvi hasar çəkilib və ziyarətçi mərkəzi yaradılıb.