Yaşıl meydanda qumar:
futbol necə riyaziyyata çevrildi…
Futbolda artıq təkcə skautların intuisiyası və ya diribaş menecerlərin təklifləri kifayət etmir. Artıq milyardlıq büdcələri idarə edən nəhəng klublar transfer bazarına tam bir riyazi hesablama və data analitikası ilə yanaşırlar. Bu proses “Moneyball” yanaşmasının futbola adaptasiyası kimi xarakterizə olunur və burada əsas məqsəd ulduz sayılan bahalı futbolçu almaq deyil, datanın gücü ilə qiyməti azaldılmış, lakin effektivliyi yüksək olan oyunçuları tapmaqdır.
Bəlkə də bu təcrübədən ilk dəfə Türkiyədə istifadə olunub. Ankaranın məşhur “Genclerbirliyi” klubunun daşdan pul çıxarmağı bacaran mərhum prezidenti İlhan Cavcav Afrikadan ucuz qiymətə aldığı zirək futbolçuları “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” kimi böyük klublara fantastik qiymətlərə sataraq büdcəsinə milyonlar qatmağı bacarmışdı.
Bu gün isə bunun ən bariz nümunələrini İngiltərə Premyer Liqasında “Brighton” və “Brentford” kimi klubların timsalında görürük. Bu klublar qumar oyunları və statistika şirkətlərinin sahibləri olan rəhbərlərinin (məsələn, “Brighton”da Toni Blum) hazırladığı xüsusi riyazi modellərlə işləyirlər. Onlar dünyanın heç bir böyük klubunun ağlına gəlməyən liqalardan, məsələn, Ekvador və ya Yaponiya çempionatlarından bir neçə yüz min avroya tapdıqları oyunçuları (Moises Kaisedo və ya Kaoru Mitoma kimi) datanın süzgəcindən keçirib komandaya adaptasiya edirlər. Həmin oyunçular bir neçə mövsüm sonra dev klublara 100 milyon avrodan baha qiymətə satılır və bu dövriyyə klubların milyardlıq büdcələrini həm qoruyur, həm də artırır.
Klubların bu mexanizmi necə idarə etdiyini anlamaq üçün ilk növbədə onların ənənəvi statistikadan imtina edib xG (Gözlənilən Qollar) və xA (Gözlənilən Ötürmələr) kimi dərin göstəricilərə fokuslanmasını qeyd etməliyik. Analitiklər oyunçunun təkcə vurduğu qol sayına baxmırlar, çünki bu rəqəm şans amilinə görə aldadıcı ola bilər; bunun əvəzinə oyunçunun təzyiq altında topu saxlama, pası irəliyə doğru çatdırma faizləri və meydandakı hərəkət trayektoriyası ölçülür. Məsələn, zəif komandada oynayan, lakin yaratdığı təhlükəli epizodların keyfiyyəti çox yüksək olan bir futbolçu, böyük klublar üçün ucuz qiymətə gizli bir “cəvahirat” hesab olunur və transfer riskini minimuma endirir.
Eyni zamanda, böyük transfer büdcələri həm də böyük maliyyə riskləri demək olduğundan, risklərin idarə edilməsində zədə və yaş analizi proqramlarından istifadə olunur. Klublar milyonlarla avro ödəməzdən əvvəl oyunçunun tibbi datalarını, keçmiş zədə tarixçəsini və bədəninin yüklənmələrə qarşı dözümlülüyünü xüsusi proqramlarla simulyasiya edirlər. Bununla yanaşı, oyunçunun yaş qruplarına görə inkişaf əyrisi hesablanır; məsələn, 28 yaşlı bir hücumçunun növbəti 3 ildə fiziki göstəricilərinin necə aşağı düşəcəyi riyazi olaraq təxmin edilir və transfer qiyməti bəri başdan buna əsasən müəyyənləşdirilir ki, gələcəkdə zərər edilməsin.
Digər bir kritik məqam isə oyunçunun fərdi keyfiyyətindən daha çox, komandanın oyun sisteminə uyğunluğunun ölçülməsidir. Şöhrətli və bahalı bir oyunçunun hər klubda eyni performansı göstərməməsinin səbəbi məhz budur. “Liverpool” bu metodu ən yaxşı tətbiq edən klublardan biridir; vaxtilə Məhəmməd Salah və Roberto Firmino kimi oyunçuları transfer edərkən onların fərdi statistikalarından əlavə Yurgen Kloppun tətbiq etdiyi yüksək pressinq və sürətli hücum sisteminə nə dərəcədə uyğun gələcəkləri data vasitəsilə simulyasiya edilmişdi. Əgər oyunçu fərdi olaraq çox güclüdürsə, lakin baş məşqçinin taktiki fəlsəfəsinə, qaçış trayektoriyalarına uyğun gəlmirsə, data sistemi bu transferə “qırmızı işıq” yandırır və klubları böyük maliyyə itkilərindən xilas edir.
UEFA-nın Maliyyə Fair-Play (FFP) qaydalarının sıxışdırdığı müasir futbol dünyasında transferlər artıq qumar deyil, ciddi bir elmdir. Böyük büdcələri idarə edən klublar yaşıl meydançadakı hər bir addımı rəqəmlərə və dataya çevirərək rəqabətdə öndə qalmağa çalışırlar. İntuisiyaya əsaslanan köhnə skautluq sistemi tamamilə sıradan çıxmasa da, artıq son sözü proqram təminatları, riyazi modellər və data analitikləri deyir.
Nazim Hüseynzadə / Metbuat.az