İdman

Türkiyədə futbol qaydaları dəyişir

Metbuat.az

Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsümdən etibarən Super Liqada FIFA-nın tətbiq etdiyi yeni oyun qaydalarının böyük hissəsini tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, su fasilələri istisna olmaqla, FIFA-nın son turnirlərdə tətbiq etdiyi bütün yeni qaydalar Super Liqada da qüvvədə olacaq. Türkiyə mətbuatının məlumatına görə, Türkiyə Mərkəzi Hakim Komitəsi (MHK) mövsümöncəsi təlim-məşq toplanışında hakimlərə yeni qaydalarla bağlı ətraflı məlumat verəcək.

TFF hesab edir ki, bu dəyişikliklər həm oyunun keyfiyyətinin artırılmasına, həm də futbolun inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, yeni qaydalar arasında qapıçının topu əlində artıq saxlamasına görə rəqib komandaya künc zərbəsi verilməsi, yalnız komanda kapitanının hakimlə mübahisə və ya izahat üçün ünsiyyət qura bilməsi, həmçinin VAR və hakim idarəçiliyində tətbiq olunan bir sıra yeni prosedurlar yer alır.