İdman

Rəqib bu oyunda üstün idi -

Rəşad Sadıqov

Metbuat.az

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Estoniyada keçirilən ilk oyununda "Payde"yə məğlub olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandasının yaratdığı qol imkanlarından yararlana bilmədiyini bildirib.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında oyunu şərh edərək ilk hissədə üstün tərəf olduqlarını, lakin bunun hesabda əksini tapmadığını deyib.

Onun sözlərinə görə, Bakı təmsilçisi ikinci hissəyə də fəal başlayıb. Lakin matçın sonlarına doğru rəqib oyunda üstünlüyü ələ alıb: “Son dəqiqələrdə oyun daha balanslı keçdi. Rəqib də təhlükəli epizodlar yaratmağa başladı. Onların avrokubok təcrübəsinin matçın sonlarında özünü göstərdiyini hiss etdik. İnanıram ki, doğma meydanda daha yaxşı çıxış edərək mərhələ adlamaq uğrunda mübarizəni davam etdirəcəyik”.

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. Baş məşqçi bu amilin komandanın məğlubiyyəti ilə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb.

“Legioner limiti ilə bağlı məsələni bugünkü nəticə ilə əlaqələndirmək düzgün deyil. Rəqib bu oyunda üstün idi. Biz səfərdə müsbət nəticə qazanmaq üçün mübarizə apardıq. Avrokuboklarda hər qarşılaşmanın öz çətinliyi var. Rəqibin əvvəlki oyunlarımızı diqqətlə təhlil etdiyini bilirdik və bunun təsirini hiss etdik. Cavab görüşündə üstün oyunumuzla nəticəni xeyrimizə dəyişməyə çalışacağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, "Zirə" ilə "Payde" arasında cavab görüşü iyulun 30-da keçiriləcək.