Norveç Braziliyanı mübarizədən kənarlaşdırdı
2026-cı il dünya çempionatında 1/4 finala yüksələn üçüncü komanda Norveç olub.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Nyu-York–Nyu-Cersi stadionunda keçirilən 1/8 final oyununda Skandinaviya təmsilçisi Braziliyanı 2:1 hesabı ilə məğlub edib.
Norveçin qələbə qollarını 79 və 90-cı dəqiqələrdə Erlinq Haaland vurub. Ulduz hücumçu əvvəlcə Andreas Şelderupun sol cinahdan ötürməsini başla qapıdan keçirib, daha sonra isə uzaq məsafədən möhtəşəm zərbə ilə dublunu rəsmiləşdirərək komandasını növbəti mərhələyə daşıyıb.
Haaland bununla da turnirdəki qol sayını 7-yə çatdıraraq bombardirlər siyahısında Fransa millisinin hücumçusu Kilian Mbappe və Argentina yığmasının kapitanı Lionel Messi ilə eyni göstəriciyə sahib olub.
Braziliyanın yeganə qolu isə 90+10-cu dəqiqədə Neymarın penaltidən vurduğu dəqiq zərbə ilə qeydə alınıb. Təcrübəli futbolçu meydana 67-ci dəqiqədə daxil olmuşdu. Braziliya ilk hissədə də VAR müdaxiləsindən sonra penalti qazanıb, lakin Bruno Gimarayeşin zərbəsini Norveçin qapıçısı Orjan Niland dəf edib.
Tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksələn Norveç növbəti mərhələdə İngiltərə ilə üz-üzə gələcək.