Dünya

Meloninin seçki islahatı paketinə zərbə:

"Cəhd etdik, bataqlıq yenə qalib gəldi"

Metbuat.az

İtaliya parlamentinin aşağı palatası Baş nazir Corcia Meloninin dəstəklədiyi seçki islahatı qanun layihəsinə daxil edilmiş düzəlişi gizli səsvermədə cəmi bir səs fərqi ilə rədd edib.

Metbuat.az xəbər verir ki, söhbət seçicilərin üstünlük verdikləri namizədləri müəyyən etməsi və gender bərabərliyinə dair müddəaları əhatə edən düzəlişdən gedir. Həmin təklif hökumətin irəli sürdüyü daha geniş seçki islahatı paketinin tərkib hissəsi idi.

Səsvermənin nəticəsini şərh edən Baş nazir Corcia Meloni sosial şəbəkədə bildirib ki, müxalifət bu məsələdə vahid mövqe nümayiş etdirib:

“Cəhd etdik. Bataqlıq yenə qalib gəldi. Nəticə göstərir ki, sol qüvvələr və müxalifət bu təklifin əleyhinə birgə səs verdi. Amma çoxluq daxilində də bəzi səslər çatışmadı və bu, düşündürücüdür”, – deyə Meloni qeyd edib.

Müşahidəçilərin fikrincə, gizli səsvermədə hökumət koalisiyasından bəzi deputatların da düzəlişin əleyhinə səs verməsi ehtimalı Meloni hökuməti üçün gözlənilməz siyasi uğursuzluq kimi qiymətləndirilir. Bu hadisə hakim koalisiya daxilində fikir ayrılıqlarının mövcudluğuna dair sualları da gündəmə gətirib.