İdman

İkardi “Qalatasaray”ın vida matçından imtina etdi

Metbuat.az

İstanbulun “Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardinin komandadan ayrılığı ilə bağlı yeni detallar ortaya çıxıb. Sarı-qırmızılı azarkeşlərin sevimlisinə çevrilən argentinalı hücumçunun klubla vida matçı keçirmədən ayrılması uzun müddətdir müzakirə mövzusudur.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası bunun səbəbini açıqlayıb. Yerli mətbuatın yaydığı məlumata görə, “Qalatasaray” rəhbərliyi İkardinin klubdakı xidmətlərini yüksək qiymətləndirərək onun şərəfinə xüsusi vida oyunu təşkil etmək istəyib. Bu təklif futbolçuya şəxsən çatdırılıb.

Lakin İkardi bu təklifi qəbul etməyib. Buna səbəb isə təcrübəli hücumçunun klub rəhbərliyindən narazı qalmasıdır.

Məlumata görə, argentinalı futbolçu hesab edib ki, “Qalatasaray” onunla ən azı daha bir illik yeni müqavilə imzalamalı və tələb etdiyi maaşı ödəməli idi. Rəhbərliyin bu məsələdə gözləntilərini qarşılamaması İkardinin klubdan incik ayrılmasına səbəb olub.

Bu səbəbdən 4 dəfə Türkiyə çempionluğu yaşayan ulduz futbolçu son dəfə sarı-qırmızı formanı geyinərək azarkeşlərlə vida etməyə də razılıq verməyib.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”ın son illərdə qazandığı uğurların əsas memarlarından biri hesab olunur. Onun mümkün ayrılığı və vida matçından imtina etməsi Türkiyə futbol ictimaiyyətində geniş rezonans doğurub.