Dünya

Fransada azyaşlıların sosial media istifadəsi məhdudlaşdırıldı

Metbuat.az

Fransa hökuməti uşaqların və yeniyetmələrin rəqəmsal təhlükəsizliyini gücləndirmək məqsədilə 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Metbuat.az xəbər verir ki, ölkə parlamentində böyük səs çoxluğu ilə təsdiqlənən sənədin məqsədi sosial şəbəkələrin uşaqların psixoloji və fiziki sağlamlığına mənfi təsirlərini azaltmaqdır.

Yeni qaydalara əsasən, TikTok, Instagram və Snapchat kimi platformalar 15 yaşı tamam olmayan istifadəçilərin hesab yaratmasına imkan verməməli, qeydiyyat zamanı yaş məhdudiyyətini tətbiq etməlidir. Eyni zamanda, valideyn razılığı olmadan hesab açılmasının qarşısının alınması nəzərdə tutulur.

Qanunun tələblərinə əməl etməyən platformaları illik qlobal dövriyyələrinin 1 faizinə qədər maliyyə sanksiyası gözləyir.

Layihə müəllifləri və mütəxəssislər bildirirlər ki, sosial media asılılığı uşaqlarda diqqət pozuntusu, yuxu problemləri, kiberbullinq və digər psixoloji risklərin artmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, Fransanın bu addımı Avropa İttifaqının digər üzv ölkələri üçün də nümunə olacaq və gələcəkdə oxşar məhdudiyyətlərin daha geniş miqyasda tətbiqi gündəmə gələcək.