“Bunker” müəllimlərin qazanc mövsümü:
kodlaşdırma biznesi...
İllərin gərgin əməyi, yuxusuz gecələr və imtahan həyəcanı arxada qaldı. İndi həm abituriyentlər, həm də onların ailələri üçün bəlkə də imtahanın özündən daha həssas, daha taleyüklü bir mərhələ başlayır: ixtisas seçimi.
Toplanan bal nə qədər yüksək olursa-olsun, düzgün aparılmayan kodlaşdırma gənclərin gələcək taleyini alt-üst edə bilər. Məhz bu həssaslığı, valideynlərin içindəki “səhv edərəm” qorxusunu görən bəzi işbazlar isə bu həssas mərhələni böyük bir mövsümi biznesə çevirməyi bacarıblar. İllərdir repetitor xərcləri altında beli bükülən valideynlər indi də övladının taleyini riskə atmamaq üçün əllərindəki son qəpik-quruşu ixtisas seçimi edən müəllimlərin masasına qoymağa məcbur edilirlər.
Metbuat.az xəbər verir ki, bu gün bazarda ixtisas seçimi üçün təklif olunan xidmət haqları sadəcə dodaq uçuqladır. Ən sadə, sıravi bir ixtisas seçimi mütəxəssisinin qapısını döyməyin minimum qiyməti 100 manatdan başlayır. Adı bir az daha çox eşidilən, sosial şəbəkələrdə fəal olan tanınmış müəllimlər isə tək bir şagirdin kodlaşdırılmasını 150-200 manata həyata keçirirlər. Amma ibu hələ son rəqəm deyil. Özünü əfsanəvi “bunker” müəllimi adlandıran, hər addımda reklam olunan bəzi şəxslər xidmət haqqını 300 manat kimi fantastik bir məbləğə qaldırıblar. Valideynlər üçün əlavə və ağır bir maddi yük olan bu qiymətlərin arxasında isə cəmi bir neçə həftəyə qazanılan külli miqdarda vəsait dayanır.
Gəlin kiçik bir riyazi hesablama aparaq və bu mövsümi qazancın miqyasını gözümüzün önünə gətirək. Orta statistik bir “ixtisas mütəxəssisi” bir mövsümdə rahatlıqla 100 abituriyentin ödənişli kodlaşdırmasını edir. Əgər bu müəllim xidmətini orta hesabla 150 manatdan təklif edirsə, onun cəmi iki-üç həftə ərzində qazandığı məbləğ 15 min manat təşkil edir. Daha fəal, reklamı güclü olan və mövsümdə 200-250 abituriyentə xidmət göstərən şəxslər isə əsl "maliyyə rekordu" vururlar. Hətta minimum 100 manatdan hesablasaq belə, 250 şagirdin kodlaşdırılması həmin şəxsə 25 min manat qazandırır. Əgər bu siyahıya özünü "bunker" adlandırıb 300 manat alanları əlavə etsək, gəlirin həcmi 30 min manatdan başlayaraq ağlasığmaz hədlərə çatır. Bir ailənin aylarla topladığı, bəlkə də borc-xəclə tapdığı pul cəmi bir neçə dəqiqəlik kompüter arxasında aparılan seçim prosesində kimlərinsə sərvətinə çevrilir.
Ölkədə fəaliyyət göstərən abituriyent hazırlığı kurslarının böyük əksəriyyətində isə bu xidmət tamamilə pulsuz həyata keçirilir. Həmin kurslarda il boyu çalışan, şagirdin potensialına, xarakterinə və imkanlarına bələd olan müəllimlər öz yetirmələrinin ixtisas seçimini heç bir xidmət haqqı tələb etmədən, təmənnasız edirlər. Süni şəkildə şişirdilmiş “bunker” qiymətlərinin fonunda bu, kifayət qədər humanist fəaliyyət sayıla bilər…
Nazim Hüseynzadə / Metbuat.az