Ölkə

Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır

Metbuat.az

Son vaxtlar Bakıətrafı qəsəbələrdə həyət evlərinin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə edilir. Bu tendensiya paytaxtın cəmi 7 kilometrliyində yerləşən Xırdalan şəhərində daha qabarıq şəkildə diqqəti çəkir.

Metbuat.az xəbər evrir ki, elan saytlarında və "TikTok" kimi sosial platformalarda Xırdalanda yüzlərlə həyət evinin satıldığına dair elanlarla tez-tez qarşılaşmaq mümkündür. Maraqlıdır ki, Xırdalanda təkcə fərdi təsərrüfatlar deyil, hətta bina evlərinin satıldığına dair elanların da sayı sürətlə artmaqdadır. Urbanizasiyanın və sıxlığın ən pik nöqtəyə çatdığı bu şəhərdə daşınmaz əmlak bazarının qəfil bu cür aktivləşməsi və təklifin kəskin artması təsadüfi deyil. Yerli sakinlər kütləvi satış dalğasının arxasında duran bir neçə ciddi sosial-iqtisadi və infrastruktur probleminin olduğunu deyirlər.

Əsas səbəblərindən biri Bakıətrafı qəsəbələrdə, xüsusən də Xırdalanda illərdir həllini tapmayan və getdikcə dərinləşən ciddi nəqliyyat problemidir. Paytaxta ən yaxın peyk şəhər statusunu daşısa da, infrastrukturun mövcud əhali sıxlığına cavab verməməsi Xırdalanı nəqliyyat baxımından dalana dirəyib. İnsanlar səhər işə gəlmək və axşam evə qayıtmaq üçün hər gün yollarda bəzən üst-üstə 4 saatdan çox vaxt keçirməli olurlar. Xüsusilə Bakı-Sumqayıt şosesində kilometrlərlə uzanan tıxaclar, habelə şəhərin daxili küçələrindəki sıxlıq sakinləri tamamilə bezdirib. Bu dözülməz vəziyyətdən xilas olmaq istəyən bir çox ailə çıxış yolunu Xırdalandakı evini kirayə verib və ya satıb, mərkəzə daha yaxın, metro stansiyalarına piyada məsafəsində yerləşən ərazilərdə kirayədə yaşamaqda görür. Zaman itkisi insanları mənzil sahibi olmaq rahatlığından imtina etməyə məcbur edir.

Məsələnin digər tərəfi isə birbaşa gündəlik nəqliyyat xərclərinin ailə büdcəsinə vurduğu ağır zərbə ilə bağlıdır. Xırdalandan paytaxta işləyən ictimai nəqliyyatın, yəni avtobusların intervalındakı gecikmələr və həddindən artıq basırıq olması sakinlərin böyük qismini alternativ vasitələrə yönəldir. Nəticədə əhali arasında "manatlıq" adlandırılan taksilərdən istifadə kütləvi hal alır. Lakin inflyasiya və artan xərclər fonunda adı hələ də "manatlıq" qalan bu taksilər artıq müştərinin birini Bakıətrafı ərazilərdən metronun "Koroğlu" və "20 Yanvar" stansiyalarına 2 manatdan aşağı aparmır. Şəhərdaxili əlavə nəqliyyat xərclərini hesaba qatmasaq belə, sadəcə evdən metroya və geriyə bir nəfərin gündəlik taksi xərci minimum 4 manat təşkil edir. Bir ailədən bir neçə nəfərin şəhərə gedib-gəldiyini nəzərə alsaq, bu məbləğ ay sonunda astronomik bir rəqəmə çevrilir və orta statistik vətəndaşın büdcəsi üçün dözülməz yükə çevrilir. İqtisadi rentabelliyin itməsi evlərin satışını sürətləndirən əsas amillərdən biridir.

Bütün bunlarla yanaşı, bəlkə də kütləvi satışların ən aktual və əsas səbəbi ötən ilin payızında və bu ilin yazında Bakıya və Abşeron yarımadasına normadan artıq yağıntının düşməsidir. Güclü yağışlar Xırdalanın və digər Bakıətrafı qəsəbələrin kanalizasiya və drenaj sisteminn tamamilə iflic etdi. Nəticədə minlərlə həyət evinin zirzəmisinə su doldu, divarlarda çürümə və qarşısıalınmaz nəmişlik yarandı. Nəmişlik isə təkcə evlərin strukturuna zərər vurmur, həm də astma, allergiya kimi ciddi sağlamlıq problemlərinə yol açır. Bu gün istər Xırdalanda, istərsə də digər ətraf qəsəbələrdə “əlimyandı” qeydi ilə satışa çıxarılan evlərin böyük əksəriyyəti məhz subasmaya məruz qalmış, qrunt sularının səviyyəsi yüksək olan nəmişlik ərazilərdə yerləşən əmlaklardır. İnsanlar yay fəslinin gəlişindən, havaların quru və isti keçməsindən fürsət kimi istifadə edərək, bu evləri tez bir zamanda satıb canlarını qurtarmağa çalışırlar.

Bazarda təklif partlayışının yaşanması və evlərin təcili satılmaq istənməsi qiymətlərdə də özünü aydın şəkildə büruzə verir. Hazırda daşınmaz əmlak bazarında Xırdalanda 3 otaqlı həyət evlərinin qiyməti fantastik dərəcədə ucuz - cəmi 35 min manatdan başlayır. Hətta bəzi populyar elan saytlarında 4 otaqlı, tam təmirli, ikimərtəbəli evlərin 65-67 min manata təklif olunduğunu görmək olar ki, bu da real bazar dəyərindən xeyli aşağıdır. Qiymətlərin bu dərəcədə enməsi sahiblərinin bu ərazilərdən nə qədər tez uzaqlaşmaq istədiklərinin bariz sübutudur. Mövcud infrastruktur və ekoloji problemlər köklü şəkildə həll edilməyənə qədər, Xırdalanda evlərin kütləvi satışı və mərkəzə doğru qaçış tendensiyasının hələ bir müddət də davam edəcəyi gözlənilir.

Nazim Hüseynzadə / Metbuat.az