Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırdı
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu baş tutub.
Metbuat.az xəbər verir ki, son dünya çempionu Argentina millisi Misir yığması ilə qarşılaşıb. Atlanta şəhərində keçirilən gərgin mübarizə argentinalıların 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 15-ci dəqiqədə Yasser İbrahim açaraq Misiri önə keçirib. İkinci hissədə Mustafa Ziko 67-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb. Lakin Argentina geri dönüş edərək qələbəni təmin edib. Kristian Romero 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb, Lionel Messi 83-cü dəqiqədə tarazlığı bərpa edib. Enzo Fernandes isə 90+3-cü dəqiqədə vurduğu qolla komandasına 1/4 final vəsiqəsi qazandırıb.
1/8 final mərhələsinin son qarşılaşması iyulun 8-nə keçən gecə keçiriləcək. İsveçrə millisi Vankuverdəki “BC Place” stadionunda Kolumbiya yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və 1/4 finalın son iştirakçısı müəyyənləşəcək.
Xatırladaq ki, bundan əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları da 1/4 finala yüksəlib.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.