Arda Turan "Şaxtyor"dan ayrılır? -
Özü cavabladı
Türkiyəli mütəxəssis Arda Turan Ukraynanın “Şaxtyor Donetsk” klubundakı gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Gənc baş məşqçi Türkiyəyə qayıdacağı barədə xəbərlərə aydınlıq gətirərək hazırda bütün diqqətini rəhbərlik etdiyi komandaya yönəltdiyini deyib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Türkiyəyə dönmək, gələcəkdə milli komandadan və ya başqa klubdan təklif alacağı təqdirdə bunu dəyərləndirib-dəyərləndirməyəcəyi ilə bağlı sualı cavablandıran Arda Turan bunları söyləyib:
“Şaxtyor Donetsk” “Eyüpspor”un baş məşqçisi olarkən mənə inanaraq bu şansı verdi. Mənə bu imkanı yaradan insanlara qarşı məsuliyyət hiss edirəm. Peşəkarlıq vacibdir, amma sədaqət də peşəkarlığın ayrılmaz hissəsidir. Hazırda bütün diqqətimi “Şaxtyor Donetsk”ə yönəltmişəm və müqaviləmə sadiq qalmaq niyyətindəyəm. Əvvəllər çox iddialı açıqlamalar vermişəm, amma həyatın nə gətirəcəyini heç kim bilmir. Buna baxmayaraq, mən sədaqətli insanam və bunu “Şaxtyor”a göstərmək istəyirəm. Gələcəkdə nə olacağını zaman göstərəcək. Hər şeyin xeyirlisi”.
Xatırladaq ki, Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” ötən mövsümü Ukrayna Premyer Liqasında ikinci pillədə başa vuraraq gümüş medallara sahib olub. Donetsk təmsilçisi bununla da növbəti mövsümdə ölkəsini Avropa kuboklarında təmsil etmək hüququ qazanıb.