Yeraltından gələn soyuq axın şəhəri necə dəyişir?
Şəhərin altına inşa edilən nəhəng mühəndislik sistemi sayəsində çay suyu artıq böyük “təbiət kondisioneri” kimi istifadə olunur.
Metbuat.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə tətbiq olunan bu sistemdə Sena çayından götürülən su yeraltı stansiyalarda soyudulur və kilometrlərlə uzanan boru kəmərləri vasitəsilə şəhərin altına paylanır. Bu soyuq su yeraltına çəkilən xüsusi boru və tunel sistemi vasitəsilə binaların içərisindəki sistemlərdən keçərək ətraf mühitin temperaturunu aşağı salır. Məlumata görə, çay suyu yeraltı kanallarla dövr etdirilərək şəhərin müxtəlif binalarının soyudulması və istilik balansının qorunmasında istifadə edilir. Bu sistem ənənəvi kondisionerlərə alternativ olaraq daha ekoloji həll kimi təqdim olunur.
Qeyd olunur ki, su müəyyən məsafə qət etdikdən sonra yenidən təmizlənərək təbii axarına qaytarılır. Beləliklə, həm enerji sərfiyyatı azaldılır, həm də ətraf mühitə təsir minimuma endirilir. Layihə şəhərin istilik yükünü azaltmaq və karbon emissiyalarını aşağı salmaq məqsədi daşıyır.