“Qalatasaray”ın həbsdən çıxan futbolçusu Avropaya gedir
“Qalatasaray”ın gənc müdafiəçisi Metehan Baltacı karyerasını ölkə xaricində davam etdirməyə hazırlaşır. Ötən mövsüm futbolda mərc oyunları ilə bağlı araşdırma çərçivəsində həbs olunan və bir müddət əvvəl məhkəmə qərarı ilə sərbəst buraxılan 23 yaşlı futbolçunun yeni ünvanı bəlli olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Gənc müdafiəçinin Polşanın “Pogon Szczecin” klubu ilə apardığı danışıqlarda prinsipial razılığa gəldiyi bildirilir. Əgər transfer rəsmiləşərsə, idmançı peşəkar karyerasında ilk dəfə xaricdə çıxış edəcək.
Amma rəhbərlik gənc müdafiəçini satmağa tələsmir. UEFA Çempionlar Liqası üçün iştirak ərizəsində klubun öz yetirməsi olan oyunçulara ehtiyacı olduğu üçün sarı-qırmızılılar transfer şərtlərini yenidən gözdən keçirir. Buna baxmayaraq, tərəflər arasındakı danışıqların müsbət yekunlaşacağı və transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir. Aldığı cəza səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Metehanın avqust ayında yenidən formasına qovuşması gözlənilir.