Dünya

İsti hava DÇ-yə təsir edəcək:

Ekstremal istilər gözlənilir

Metbuat.az

2026-cı il FIFA Dünya Çempionatında Türkiyə milli komandasının da daxil olduğu 48 yığma ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək 104 oyunda mübarizə aparacaq.

Metbuat.az xəbər verir ki, araşdırmalara əsasən, temperaturun 28 dərəcəni keçməsi futbolçuların fərdi performansına, eləcə də komandaların ümumi oyun strategiyasına və oyun üslubuna təsir göstərir.

Climate Central Dünya Çempionatının oyunlarında temperaturun 28 dərəcə həddini aşma ehtimalını və bu ehtimalda iqlim dəyişikliyi amilinin payını hesablayıb.

Nəticələrə görə, qarşılaşmaların 49-da performansa mənfi təsir göstərə biləcək həddindən artıq istilərin yaşanma ehtimalı ən azı 50 faizdir. Bildirilir ki, iqlim dəyişikliyi bu oyunların 26-da yüksək temperatur ehtimalını ən azı 10 faiz bəndi artırıb.

İqlim dəyişikliyi ən çox Uruqvay–İspaniya oyununa təsir edəcək

Araşdırmaya əsasən, iqlim dəyişikliyinin ən çox təsir göstərəcəyi qarşılaşma iyunun 26-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Uruqvay–İspaniya oyunu olacaq.

Bu oyunda temperaturun 28 dərəcə həddini aşma ehtimalının 70 faiz olduğu, iqlim dəyişikliyi olmasaydı isə bu göstəricinin 37 faiz bəndi daha aşağı olacağı proqnozlaşdırılır.

Türkiyə ilə ABŞ arasında iyunun 25-də Los-Anceles stadionunda keçiriləcək oyunda isə temperatur həddinin aşılma ehtimalı 49 faiz qiymətləndirilib. İqlim dəyişikliyinin bu göstəriciyə töhfəsinin 6 faiz bəndi olduğu hesablanır.

İyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək final matçında futbolçuların performansına mənfi təsir göstərə biləcək temperaturla qarşılaşma ehtimalı 47 faizdir. Qeyd olunur ki, iqlim dəyişikliyi olmasaydı, bu ehtimal 30 faiz səviyyəsində olardı.

Stadionlarda yüksək temperatur problemi

Təhlillərdə Dünya Çempionatına ev sahibliyi edəcək 16 şəhərdən 10-nun daha əvvəl də mundial oyunlarına ev sahibliyi etdiyi nəzərə alınaraq, 2016–2025-ci illərdə iyun–iyul aylarında müşahidə olunan ekstremal isti günlərin sayı əvvəlki Dünya Çempionatlarından öncəki onillik dövrlə müqayisə edilib.

1994-cü il Dünya Çempionatının ev sahibi şəhərlərindən olan Mayamidə və 1986-cı il mundialının ev sahibi şəhərlərindən biri olan Mexiko şəhərində son 10 ildə həmin turnirlərin keçirildiyi dövrlə müqayisədə iyun–iyul aylarında yeddi dəfə daha çox ekstremal isti gün qeydə alınıb.