Dünyada ən yaşlı futbolçu odur -
FOTO
Müasir futbolda 35-36 yaşlı oyunçulara artıq “veteran” gözü ilə baxıldığı bir dövrdə, o, yaşıl meydanlarda qaçmağa və rəsmi müqavilələrlə peşəkar səviyyədə çıxış etməyə davam edir. Söhbət planetin ən yaşlı peşəkar futbolçusu titulunu özündə saxlayan yaponiyalı hücumçu Kazuyoşi Miuradan gedir.
Metbuat.az xəbər verir ki, 1967-ci il təvəllüdlü “Kral Kazu” ləqəbli hücumçunun hazırda 59 yaşı var. O, yaşıl meydanlarda gənc komanda yoldaşlarının atası, hətta bəzilərinin babası yaşındadır.
Miuranın futbol macərası nağılları xatırladır. O, hələ 1982-ci ildə - cəmi 15 yaşı olarkən futbolun sirrlərini yerində öyrənmək üçün təkbaşına Braziliyaya yollanıb. Orada “Santos”, “Palmeyras” kimi köklü klublarda peşəkar səviyyədə oynadıqdan sonra vətəninə qayıdıb və Yaponiya futbolunun simasına çevrilib.
1980, 1990, 2000, 2010 və 2020-ci illərdə rəsmi matçlara çıxaraq 5 fərqli onillikdə peşəkar futbol oynayan yeganə idmanşı kimi tarixə düşüb. Kazu həmçinin İtaliya A Seriyasında ("Cenoa") qol vuran ilk yapon futbolçudur.
O, karyerasını bitirmək barədə düşünmür. Müqavilə ilə Yaponiyanın “Yokohama” klubuna məxsus olan əfsanəvi hücumçu, hazırda “Fukushima United” komandasında 11 nömrəli forma altında çıxış edir. Hətta bu mövsümün oyunlarında meydana start heyətində çıxaraq hər kəsi təəccübləndirməyi bacarıb.
Qeyd edək ki, Kazuyoşi Miura Yaponiya yığmasının heyətində 89 oyuna çıxıb və 55 dəfə fərqlənib.