Bu gün Qida Təhlükəsizliyi Günüdür
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.
Metbuat.az xəbər verir ki, qlobal səviyyədə qeyd olunan xüsusi gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib. Bu günün təsis olunmasında əsas məqsəd isə qida ilə əlaqəli risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarə edilməsinə diqqət çəkməklə, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır.
Təsadüfi deyil ki, hazırda 200-dən çox ölkə ölkə beynəlxalq qida ticarətinin təhlükəsizliyi, keyfiyyəti və ədalətinin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir.
Azərbaycan da bu qlobal çağırışa cavab olaraq qida təhlükəsizliyi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mühüm elmi-tədqiqat və laborator xidmətləri ilə seçilir. AQTİ-nin müasir texnologiyalarla təchiz edilmiş laboratoriyaları və yüksək ixtisaslı kadr potensialı elmi yanaşmanın uğurla həyata keçirilməsinə geniş imkan yaradır.
İnstitut əməkdaşları yerli və beynəlxalq təlimlərdə iştirak etməklə bilik və bacarıqlarını davamlı şəkildə artırır. Bu, həm milli, həm də beynəlxalq miqyasda qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir.