Dünya

​Almaniyada irqçilik rekord həddə çatıb

Metbuat.az

Almaniyada irqçi ayrı-seçkiliyə məruz qaldığını bildirərək rəsmi qaydada şikayət edənlərin sayı son illər xeyli artıb.

Metbuat.az xəbər verir ki, Federal Ayrı-seçkiliklə Mübarizə İdarəsinin rəhbəri Ferda Ataman və Almaniya Ayrı-seçkiliklə Mübarizə Birliyinin (ADVD) baş direktoru Eva Andrades Berlində keçirdikləri birgə mətbuat konfransında 2025-ci ilin yekun hesabatını ictimaiyyətə təqdim ediblər.

Hesabatda yer alan rəqəmlər ölkədə irqçi və ayrı-seçkilik meyllərinin getdikcə daha da artdığını göstərir.

Təqdim olunan rəsmi məlumatlara görə, 2025-ci ildə Federal Ayrı-seçkiliklə Mübarizə İdarəsinə ümumilikdə 13 min 67 şikayət daxil olub. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2021-ci ildə 7 min 750, 2024-cü ildə isə 11 min 405 idi.

Şikayətlərin növləri üzrə sıralamada “irqçilik və etnik mənsubiyyət” ilk yerdə qərarlaşıb. 2025-ci ildə bu kateqoriyada 4 min 571 şikayət qeydə alınıb ki, bu da 2021-ci ilin göstəricisi ilə (2 min 54 şikayət) müqayisədə 2 dəfədən çox artım deməkdir.

İdarə rəhbəri Ferda Ataman məsələnin ciddiliyini vurğulayaraq bildirib:

“Bu rəqəmlər yalnız aysberqin görünən tərəfidir. Ayrı-seçkiliyə məruz qalan bir çox insan hələ də səssiz qalmağa üstünlük verir və özünü müdafiə edə bilmir”.

Ferda Ataman Almaniyada qüvvədə olan “Bərabər Rəftar Qanunu”nu kəskin tənqid edib. O bildirib ki, mövcud qanunvericilik insanları dövlət idarələrində üzləşdikləri ayrı-seçkilikdən qorumur və dövlət özünü bu hüquqi məsuliyyətdən kənarda tutur. Ataman federal hökuməti bu sahədə qeyri-ciddi yanaşmada ittiham edərək, müvafiq məsləhət mərkəzlərinə kifayət qədər büdcə ayrılmadığını və qanunun təcili olaraq yenilənməli olduğunu vurğulayıb.

ADVD-nin baş direktoru Eva Andrades isə müraciət edənlərin sayının hər il artdığını açıqlayıb. O, siyasətçiləri dərhal konkret addımlar atmağa və qurbanları yalnız qoymamağa çağırıb.