ABB kartlarından vəsait niyə silinir?
Azərbaycan Beynəlxalq Bankının (ABB) müştəriləri bu gün kütləvi şəkildə kart balanslarında vəsaitlərin əsassız silinməsi və hesablarda borc (mənfi balans) yaranması problemi ilə üzləşiblər. Sosial şəbəkələrdə geniş rezonans doğuran məsələyə bank tərəfindən aydınlıq gətirilib.
Metbuat.az xəbər verir ki, bank rəsmi media açıqlaması yaymasa da, sosial şəbəkə hesabları üzərindən şikayət edən vətəndaşların sorğularına cavab olaraq problemin səbəbini açıqlayıb.
Bankın rəsmi profillərindən narahat müştərilərə verilən cavabda bildirilib:
"Hazırda üçüncü tərəflə yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik".
Qeyd edək ki, bankın qeyd etdiyi "üçüncü tərəf" dedikdə, adətən beynəlxalq kart təşkilatları (Visa/Mastercard) və ya xaricdən keçən tranzaksiyaların prosessinq mərkəzlərində yaranan qlobal və ya regional nasazlıqlar nəzərdə tutulur. Bu səbəbdən bəzi ödənişlər sistemdə təkrarlanıb və ya balanslar səhv əks olunub.