“Qarabağ Mədəniyyət Xəritəsi – Hər rayonun öz səsi” festivalı keçiriləcək
“Qarabağ Mədəniyyət Xəritəsi – Hər rayonun öz səsi” festivalı Qarabağın zəngin mədəni irsinin, milli musiqi ənənələrinin və bölgələrimizin özünəməxsus sənət nümunələrinin geniş ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Metbuat.az xəbər verir ki, “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin Baş katibi Aysel Tahirovanın sözlərinə görə, festival çərçivəsində hər rayonun öz səsi, öz ruhu və mədəni kimliyi xüsusi proqramlarla nümayiş olunacaq:
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi Qarabağın zəngin mədəniyyətini yaşatmaq və onu gənc nəslə daha geniş şəkildə tanıtmaqdır. İnanırıq ki, İçərişəhərin tarixi atmosferində təşkil olunacaq bu tədbir iştirakçılar üçün unudulmaz mədəniyyət platformasına çevriləcək.”