Ümumdünya İstehlakçı Hüquqları Günü ilə bağlı tədbir keçirildi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Metbuat.az xəbər verir ki, 15 mart günü, 1962-ci ildə C. Kennedinin Konqresi açan zaman söylədiyi çağırışla – “Biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” – gündəmə gəlib.
1997-ci ildən başlayaraq “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) 15 mart beynəlxalq istehlakçı gününü şəhərin mərkəzində yerləşən küçələrdə maarifçilik şüarları ilə küçə nümayişləri etməklə başlayıb, 1998-ci ildən AİİB beynəlxalq istehlakçı təşkilatı – CONSUMER INTERNATIONAL-a üzvlüyə qəbul olunub.
AİİB-in sədri Eyyub Hüseynovun sözlərinə görə, çox uğurlu haldır ki, 15 mart günü artıq dövlət orqanları səviyyəsində qeyd olunur:
“Bu günkü tədbirin çağırışı - “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusuna həsr olunub. Tədbirin gündəliyi son dərəcə aktual bir məsələyə həsr olunub. Tədbirdə məruzə və təqdimatlar dinlənilib.
Məruzələr tədbirin çağırışına uyğun olaraq istehlakçı hüquqlarının qorunması baxımından ən müasir problemlərə həsr olunub.
Məruzələr arasında ən diqqət çəkən məqam Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışı xüsusilə qeyd edilib. Məruzəçi müasir şəraitdə istehlakçı hüquqlarının ən çox pozulduğu məsələləri qeyd etməklə bərabər, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edərək, müasir texnologiyaların cinayətkar şəxslərin əlində vasitəyə çevrildiyini, bu hallarla mübarizənin effektli üsulları barədə geniş məlumat verib.
Təqdimatlarda Gülnar Hüseyn, Ramil Əşrəfov, Yusif Tapdıqlının verdiyi məlumatlar istehlakçı maarifçiliyi, müasir rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə istehlakçı davranışı baxımından yüksək qiymətləndirilə bilər”.