Anar Məcidzadənin seçilmiş şeirləri
Azərbaycan Yazıçılar Birliyinin üzvü Anar Məcidzadə müasir Azərbaycan poeziyasında səmimi ifadə tərzi və dərin məna yükü ilə seçilən şairlərdəndir. Onun qələmə aldığı misralar oxucunu düşündürür və hər kəsə öz həyatından bir iz tapmaq imkanı yaradır.
Metbuat.az Anar Məcidzadənin bir neçə seçilmiş şeirini oxuculara təqdim edir:
Geriyə baxanda
Dönüb geriyə baxdım,
Quştək uçubdu vaxtdım.
Nələr görmüş, İlahi,
Mənim bəlalı baxtdım.
Bir ümid axtarmışam
Hər gün, hər gecə, axşam.
Gözümü yumub açdım,
Gördüm ki, qocalmışam.
Nə tez ötdü an belə,
Ömürdən zaman belə.
Mən yazıq doymamışdım
Cavanlığımdan hələ.
Yazıb qisməti Tanrı,
Bəlkə də ömür yarı.
Bircə onu bilirəm:
Yolum məzara sarı.
Gəl, qoşa yaşayaq bu məhəbbəti
Bilmirdim dünyada məhəbbət nədir
Mən səni gördüyüm o günə qədər.
Gülüm, taleyimə səadət gətir,
Ömrümdə olmasın nə qəm, nə kədər.
Gəl, qoşa yaşayaq bu məhəbbəti,
Ayrılıqdan uzaq, hicrandan uzaq.
Unudub kədəri, qəmi, həsrəti,
Birlikdə məhəbbət nəğməsi yazaq.
Gülsün baxışımız, gülsün üzümüz,
Ürəklər danışsın, dilsə lal olsun.
Olmasın qəlb qıran acı sözümüz,
Sözümüz şəkərdən şirin, bal olsun.
Sən mənim taqətim, sən mənim tabım,
Hər zaman oxunan sevgi kitabım.
Gəl, qoşa bir ömür sürək, əzizim,
Bitsin iztirabım, bitsin əzabım.
Bu dünya düzəlməz
Neçə ariflər gələ,
Dünya düzəlməz, lələ.
Dünya belə yaranıb,
Belə gedəcək hələ.
Bu dünyanı əzəldən,
Olmayıbdır düzəldən.
Tale, baxt oğurlayır,
Neçə-neçə gözəldən.
Yazı qışa çevirir,
Ömrü quşa çevirir,
O, insanı yaradıb,
Sonda daşa çevirir.
Bu dünyadan bezmə sən,
Ümidini üzmə sən.
Dünya belə dünyadır,
Anar, ondan küsmə sən.
Dərd
Evimi dərd yıxır, qəlbim qəm çapır,
Baş əlac tapınca, ürək dərd tapır.
Gündüzüm olubdur bir zülmət gecə,
Bilmirəm, günlərim ötüşür necə.
Hər ağrı ümidsiz sabahdan doğur,
Məni kədər boğur, iztirab boğur.
Naləmi eşidir göylər də, yerdə,
Bir çarə tapılmır çəkdiyim dərdə.
Zaman yaraları sağaltmır daha,
Hər günüm dönübdür qüssəyə, aha.
Anar, bu dünya da beləymiş demə,
Sevinci qəmindən bahaymış, baha.
Əziz dost
Əziz dost, bu dünya sonsuz, əbədi,
Bir insan ömrüsə yaman az olur.
Taleyin bir üzü qar-boranlı qış,
Bir üzü çiçəkli bahar, yaz olur.
Gözümün işığı, gözümün nuru,
Çalış ki, həyatda özünü qoru;
Dünya etibarsız, ömürsə qısa.
Ən gözəl günləri döndərir yasa.
Arzular yaman çox, fikirlər dərin,
Ağrısı ürəkdə ötən illərin.
Keçib ömrümüzdən neçə yay, bahar,
O ötən günləri de, kim qaytarar?
Bu dünya nə dostdur, nə könül yarı,
Yoxmuş əzəlindən heç etibarı.
Nə ona arxalan, nə ona inan,
Vəfasız yaranıb o yaranandan.
Xəbərin olmadı
Saçlarıma qəmdən düşən,
Dəndən xəbərin olmadı.
Xəbər aldım hər an səni,
Məndən xəbərin olmadı.
Hər əzaba dözən oldum,
Dərd gölündə üzən oldum,
Divanə tək gəzən oldum,
Məndən xəbərin olmadı.
Sənin qəlbin daş imiş, daş,
Mənim isə gözümdə yaş.
Ömrüm keçib yavaş-yavaş,
Məndən xəbərin olmadı.
Sən ey mənim ömrüm-günüm,
Çatmadımı sənə ünüm?
Sənə oldu yolum, yönüm,
Məndən xəbərin olmadı.
Yoldaş oldum nalə, aha,
Batdım ən ağır günaha.
Anaram, ölmüşəm daha,
Məndən xəbərin olmadı.
Səni bu dünyada tək sevən mənəm
Gəlmisən, dünyama yaraşıq gəlib,
Ömrümə, günümə nur, işıq gəlib,
Duyğular qəlbimə qarışıq gəlib,
Sevgiylə doludur ürəyim, sinəm,
Səni bu dünyada tək sevən mənəm.
Könlümdən silinməz sevginin adı,
Ruhumda qalıbdır eşqinin dadı,
Arzumun uçmağa qolu, qanadı,
Divanə olduğum gül üzlü sənəm,
Səni bu dünyada tək sevən mənəm.
Eşqin bir zirvədir, mən uca dağam,
Sən ətirli bir gül, mən isə bağam,
Səninçün yaşaram, səninçün sağam,
Çəmənəm, çiçəyəm, sünbüləm, dənəm,
Səni bu dünyada tək sevən mənəm.
Nə sevinc gecikə, nə qəm tələsə,
Nə bu sevgimizdə küləklər əsə,
Qoymaram yolları ayrılıq kəsə,
Hicranın yolunda dumanam, çənəm,
Səni bu dünyada tək sevən mənəm.
Vəfasızlar
Eşqinə, əhdinə dönük a qızlar,
Neçə ürək yanar, neçə qəlb sızlar.
Dünyada olmasa bu vəfasızlar,
Həyatda nə hicran, nə qəm olardı.
Ürək eşq möhtacı, vüsal möhtacı,
Məhəbbət daima başların tacı.
Bir könül çəkməsə nə dərd, nə acı,
Arzular yarımçıq, nə kəm olardı.
Sevgisiz ürək də insana bir yük,
Arzusuz bir ömür sönükdür, sönük.
Olmasa dünyada eşqindən dönük,
Anar, xeyirlə şər həm də olardı.