Mədəniyyət

“Səkkiz” serialı dayandırıldı

Metbuat.az

Qeyri-etik ifadələrə görə “Səkkiz” serialının yutubda, televiziyada və kinoteatrlarda nümayişi dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov məlumat yayıb.

"Çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım .Ən əvvəl bütün Azərbaycanlılara həm burada, həm xaricdə yaşayan həmyərlilərə "Səkkiz" seriına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən dövlət qurumu serial ilə görüşə dəvət edildim. Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə, məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.

"SƏKKİZ" serialı yaş həddi +18 dır. Yayım saatı 23:00-da ARB televiziyasında yayımlanıb. 10 yanvar 2026 cı il tarixində yayım zamanı efirə söyüş getdiyi üçün həmən işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb. İndi gələk əsas məsləyə, bir tək buna görə serialı həm "youtube" üzərindən, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm dövlət həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb üzümüzə gələn həftə serialın yayımının bərpa qərarını verər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyəti qurumlar belə serialı maraqla izləyir, bu yaxşı bir şeydir", - deyə o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

“Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.