"Reyestrə 127 mindən çox giriş ünvanı əlavə olunub"
Nigar Alimova
Şəhər və rayonlarda ünvan sisteminin müasirləşdirilməsi istiqamətində aparılan işlər çərçivəsində 127 min 841 giriş ünvanı artıq dövlət reyestrinə daxil edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ünvan sisteminin yenilənməsi daşınmaz əmlakın uçotu və qeydiyyatı prosesində də mühüm rol oynayır. Bildirilib ki, hesabat dövründə 31.541 yerquruluşu planı hazırlanıb ki, bu da qeydiyyat prosedurlarının operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Nigar Alimova vurğulayıb ki, həyata keçirilən tədbirlər daşınmaz əmlak üzərində hüquqların daha dəqiq müəyyənləşdirilməsinə, xidmətlərin sürətləndirilməsinə və ünvan məlumatlarının vahid reyestr əsasında idarə olunmasına imkan yaradır.