Ölkə

“Daşınmaz əmlakın kadastr və reyestri sistemi yenidən qurulur”

Nigar Alimova

Metbuat.az

Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemi tamamilə yenidən qurulur. 2025-ci ilin yekunlarına əsasən, ölkə üzrə 560 min hektardan çox torpaq sahəsi elektron uçota alınıb, 127 mindən artıq yeni giriş ünvanı isə müəyyənləşdirilib.

Həyata keçirilən islahatlar vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, mülkiyyət münasibətlərində tam şəffaflığın təmin edilməsini hədəfləyir.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sahə üzrə həyata keçirilən strateji islahatların detalları barədə məlumat verib.

Qurum rəhbəri bildirib ki, görülən işlər ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf kursunun mühüm tərkib hissəsidir.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, 2025-ci il ərzində daşınmaz əmlakın dövlət kadastrı və reyestri sisteminin inkişafı ilə bağlı bütün zəruri və kompleks tədbirlər uğurla həyata keçirilib,” – deyə Nigar Alimova vurğulayıb.

Onun sözlərinə görə, bu tədbirlər yalnız texniki yenilənmə ilə məhdudlaşmır, eyni zamanda vətəndaşların mülkiyyət hüquqlarının daha etibarlı qorunmasını təmin edir. Nigar Alimova qeyd edib ki, sistemin inkişaf istiqamətləri genişləndirilib və fəaliyyət bir neçə strateji xətti əhatə edir.

“Əsas prioritetlərimiz rəqəmsal idarəetməyə keçid, xidmət standartlarının müasir tələblərə uyğunlaşdırılması və bütün proseslərin optimallaşdırılmasıdır. Elektron xidmətlərin təşkili ilə vətəndaşlarımızın işini asanlaşdırır, informasiya sistemlərinin inkişafı və qanunvericilik bazasının təkmilləşdirilməsi vasitəsilə sistemin hüquqi və texnoloji təhlükəsizliyini ən yüksək səviyyəyə çatdırırıq,” – deyə o əlavə edib.