Ölkə

“Müəllimlə din xadiminin dinə yanaşması fərqlidir” -

Gündüz İsmayılov

Metbuat.az

“Dinlə bağlı biliklər verilərkən pedaqoqlar cəmiyyətdə bu mövzular üzrə mövqe bildirən tərəfə çevrilirlər”.

Metbuat.az xəbər verir ki, bunu Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib.

O qeyd edib ki, dinlə bağlı mövzular həm ibadət evlərində din xadimləri, həm də orta məktəblərdə müəllimlər tərəfindən təqdim olunur, lakin bu yanaşmalar arasında ciddi fərqlər var:

“İbadət evlərində din xadimləri dindən danışır, orta məktəbdə isə müəllim. Burada əsas sual budur: din xadimlərinin və müəllimlərin dinlə bağlı yanaşması nə ilə fərqlənir? Müəllimin bu mövzuda bildirdiyi fikirlər din xadimlərinin yanaşmasından mahiyyət etibarilə fərqlidir”.

Gündüz İsmayılov vurğulayıb ki, dinin təqdimat formasına xüsusi diqqət yetirilməlidir:

“Biz çox vaxt İslamdan danışarkən onun şərtlərini və prinsiplərini ön plana çəkirik. Halbuki, İslamın məqsədləri və fəlsəfəsi üzərində dayanmaq gəncləri gələcəkdə məzhəbçilik və dini radikalizm kimi təhlükəli meyllərdən qorumağa kömək edə bilər”.