“İçərişəhər”də yeni muzeylər yaradılacaq
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni muzeylərin yaradılması, eləcə də bərpa və abadlıq işləri davam etdirilir".
Metbuat.az xəbər verir ki, bu barədə "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu"nun İdarə Heyətinin sədri Rüfət Mahmud bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, yeni muzeylərin yaradılması istiqamətində müvafiq tədbirlər planlaşdırılıb və hazırda konkret layihələr üzərində iş aparılır. Məqsəd İçərişəhərin mədəni-tarixi potensialını daha geniş auditoriyaya təqdim etməkdir.
Rüfət Mahmud bildirib ki, qoruğun giriş hissələrində quraşdırılmış köşklər sökülüb və giriş-çıxışların genişləndirilməsi istiqamətində tədbirlər görülür. “Bu addımlar turistlərin və ziyarətçilərin rahat hərəkətini təmin etmək məqsədi daşıyır. Hazırda həmin istiqamətdə işlər davam edir”, – deyə o qeyd edib.
Sədrin sözlərinə görə, cari il ərzində İçərişəhər ərazisində yerləşən 12 yaşayış evinin dam örtüyü yenilənib, 28 ev isə əsaslı təmir olunaraq sahiblərinə təhvil verilib. Hazırda qoruq ərazisindəki yaşayış binalarında tarixi-memarlıq üslubu qorunmaqla bərpa və təmir işləri mərhələli şəkildə davam etdirilir.