"Onlar tövbə etməyə macal tapmamış məhv olacaqlar" - Putindən açıqlamalar - VİDEO - FOTO
Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun forumunda çıxış edib. Onun nitqi sərt, konkret və ünvanlı idi.
Milli.Az bildirir ki, V.Putin Rusiyanın düşmənlərindən, ölkənin cəsarətindən və vətəndaşların Vətən, ideya uğrunda sonadək mübarizə aparmağa hazır olmalarından bəhs edib.
Rusiyanın dövlət başçısının çıxışından bəzi iqtibasları təqdim edirik.
Krım barədə
"Krım bizimdir. Heç bir yeri də ələ keçirməmişik. Sadəcə, əzəli torpağımızın sakinləri referendum keçirərək Vətənə qovuşublar. Demokratiya nədir? Xalqın hakimiyyəti. O, necə yoxlanır? Referendum, seçkilər və s. vasitəsilə. İnsanlar Krımda referenduma yollanaraq müstəqil olmaq istədiklərini dedilər, sonra da Rusiya Federasiyasının tərkibinə qatılmaq istəklərini bəyan etdilər".
Rusiyaya nüvə zərbəsi endirilməsi barədə
"Aqressor bütün hallarda bilməlidir ki, intiqam qaçılmazdır. O, məhv ediləcək. Biz isə aqressiya qurbanı olacağıq, əzabkeşlər kimi cənnətə düşəcəyik, onlar isə sadəcə, məhv olacaqlar. Hətta tövbə etməyə də vaxt tapmayacaqlar".
Rusiyanın nədən qorxması barədə
"Rusiya, ümumiyyətlə, heç nədən qorxmur. Belə ərazisi, belə müdafiə sistemi, müstəqilliyini və suverenitetini qorumağa hazır belə əhalisi olan ölkə heç nədən çəkinmir. Heç də hər yerdə, bütün ölkələrdə vətəndaşlar Vətən uğrunda bizdəki kimi həyatlarından keçməyə hazır deyillər. Bu, bizə əminlik hissi verir, özümüzü rahat hiss edirik".
Kerçdəki faciə barədə
"Kerçdəki faciə, nə qədər qəribə olsa da, həm də qloballaşmanın nəticəsidir. Baxın, sosial şəbəkələrdə, interentdə qrupların, birliklərin yarandığını görürəm. Hər şey ABŞ-dakı faciəli hadisələrdən başlandı. Bitkin, səbatlı psixikası olmayan gənclər özləri üçün yalançı qəhrəmanlar yaradırlar. Bu, o deməkdir ki, dünyada dəyişən şərtlərə pis reaksiya veririk. Bu, o deməkdir ki, gənclər üçün maraqlı, gərəkli və faydalı kontent yaratmırıq. Onlar bax, qəhrəmanlığın bu surroqatını götürürlər. Bu da faciələrə səbəb olur".
Suriyada müharibə barədə
"Misir prezidenti ilə bu barədə təfsilatlı danışdıq. O, Suriya ilə bağlı mövqelərimizi bölüşür. Dünyanın çox liderləri belə düşünür. Suriyada, əsasən, bütün məqsədlərimizə çatdıq. Bu illər ərzində Suriya ərazisinin 95 faizini terrorçulardan təmizlədik, Suriyanın dövlət kimi məhv olmasına imkan vermədik. Suriyadakı hərbçilərimizə görə nigaran qalmaq Rusiya ərazisində hərbçilərimizlə bağlı təşviş keçirməkdən daha yaxşıdır".
Donald Tramp barədə
"Donald Trampın elə hey danışıb kimsəyə qulaq asmadığı barədə deyilənlərlə razı deyiləm. Bəlkə o, kiminləsə belə davranırsa, həmin insanlar günahkardır. Mən görürəm ki, o, sadəcə, eşitməklə yanaşı, həm də reaksiya verir. O, bəzi məsələlərlə razılaşmaya bilər - necə ki, mən də bəzi məsələlərdə onunla razılaşmıram. İki tərəfdaşın normal diskussiyasıdır".
Hədiyyə olunmuş şərablar barədə
"İndi deyəcəyim zarafat deyil. Mənə bir neçə şüşə şərab hədiyyə ediblər. Həmkarlarım. Mühafizə xidmətinin əməkdaşları da soruşurlar: "Vladimir Vladimiroviç, yoxlayaq, yoxsa özünüz içəcəksiniz?!" Deyirəm "Yoxlayın!" Axı mən o qədər də içən adam deyiləm".
Şəxsi həyatında dəyişikliklərlə bağlı
"Bu müzakirələrin başa çatmasını istəyirəm. Çünki Özbəkistana yollanmalıyam. Yola düşməzdən əvvəl hokkey oynamaq istəyirəm".
Milli.Az