Nazirlər Kabinetinin saytı rus dilində
Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və onun ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı hazırlanıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
Publika.az-a bildirilib ki, bu günlərdə saytda
daha bir yenilik olub. Belə ki, saytın rus dilində versiyası
fəaliyyətə da başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı
dövlət qurumları arasında xarici dillərdə də bölməsi olan
qurumların siyahısına əlavə olunub. Müstəqil Dövlətlər Birliyi
(MDB) məkanında hökumətlərin rusdilli informasiya resursunun olması
xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud
deyildi.
Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş
naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və
görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər
Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən
fotoşəkillər və digər informasiyalar yerləşdirilir.
Həmçinin bütün bunlar barədə indi “Twitter” sosial şəbəkəsindən də
operativ məlumat əldə etmək mümkündür. Hazırda Nazirlər Kabinetinin
“Twitter” səhifəsindən (@AzerbaijanNK3) dildə - Azərbaycan, rus və
ingilis dillərində paylaşımlar edilir.