Ölkə

"Min hoqqadan çıxır, deyir mən kişiyəm e..." - Azərbaycanlı müğənnidən SƏRT AÇIQLAMALAR - MÜSAHİBƏ - FOTO

Metbuat.az

Milli.Az gənc və istedadlı müğənni Əhməd Mustafayevlə müsahibəni təqdim edir:

Əhmədi yaxşı tanımayanlara özünü təqdim et...

- Uşaq vaxtından musiqi ilə məşğul olmuşam - ağlım kəsəndən. Şərt deyil ki, mütləq haranısa bitirməlisən. Hələ musiqi məktəbinə getmirdim, heç bir musiqi təhsilim yox idi, mən artıq televiziyada səslənən mahnıları analiz edirdim. Deyirdim "Bu mahnını filan müğənni oxusa daha yaxşı olardı, bu mahnının burasını biraz da belə etsəydi daha yaxşı olardı". Amma musiqidən heç bir anlayışım yox idi. Bu Allahın verdiyi bir istedaddır. Mənim babam aşıq olub. Yəqin ondan irəli gəlir. Bizim nəsildə mənim anamın gözəl səsi var. Evdar xanımdı, amma o da aşıq qızıdır. Musiqi məktəbinə gedəndə mənim 10 yaşım var idi. Tar məktəbini bitirdim. Sonra aşıq sənəti ilə məşğul olmuşam. "Gəl gedək Qazağa bir salam verək" məşhur mahnının müəllifi aşıq Əhməd Rüstəmov mənim ustadım olub. Allah rəhmət eləsin! 80 yaşında kişi mənə aşıqlıq sənətinin sirlərini öyrətdi.

Adının tarixçəsinin mərhum aşıqla bir bağlılığı var?

- Xeyr, mənim adım atamın babasının adıdır. Aşıq Əhmədlə mənim həyatda qarşılaşmağım bir təsadüf idi. Hamı elə bilirdi ki, mən onun nəvəsiyəm. Amma məni ömrünün son gününə kimi nəvələrindən fərqləndirmədi, mənə "sonbeşik nəvəm" deyirdi.

Səni efirdə sazla gördüyümü xatırlamıram. Səbəb nədir?

- Bir dəfə ATV telekanalında səhər proqramında olub. Aşıq Əhliman, aşıq Zülfiyə orada idi. İndi mahnılarımda sazan istifadə edirəm.

Yeni gələn nəsilə sazı sevdirmək üçün hansısa planların var?

- Elə bir planım var. Sizin sualınızın mənim fikrimlə üst-üstə düşməsi mənə biraz da stimul verdi düzü. Konsertim olsa, istəyirəm ki, gitarada ifa etdiyim kimi, sazla da aşıq havalarımızdan o konsertdə ifa edim. Haradasa təxmin edirdim ki, gələcəkdə məni hamı tanıyacaq və mənim musiqi savadımın olduğunu hər yerdə deyəcəm. Ona görə də, mən Azərbaycan milli musiqisini öyrənməliyəm. Bugün hərkəs, bilən də, bilməyən də pop musiqi oxuyur. Amma bugün milli dəyərləri, milli musiqimizi bilmək daha vacibdir. Mənim kimi gənclər və yaxud məndən sonra sənətə addım atanlar, hamısı türk mahnılarına qulaq asırlar, xarici mahnılara qulaq asırlar (Red - "Qulaqcıq çıxardanın Allah canın sağ eləsin"). Orada oxuyan müğənninin üstündən oxuyur. Elə bilir onun kimi oxuyur. Amma elə deyil. Sən müğənni olmaq istəyirsənsə, tamaşaçıya keyfiyyətli musiqi təqdim etməlisən. Sən öz musiqini bilməlisən. Çünki sabah sən elə bir yerə gəlib çıxa bilərsən ki, Azərbaycanı təbliğ etməli olarsan. Və orada sənin üzərinə düşən - Azərbaycan musiqisinin dərinliyindən əcnəbilərə bolluca məlumat verə biləsən. Sabah bilmək olmaz, mən Əhməd Avroviziya səhnəsində ola bilərəm. Bu şeylər ola bilər. Məndən orada Azərbaycan musiqisini soruşanda çaşbaş qalmamalıyam. Rahat şəkildə Azərbaycan musiqisinin kökü nədir?! Aşıq musiqisi, muğamlarımız - mən bunlardan ən azı bir parça ifa etməliyəm, dünyanın izlədiyi yarışda təbliğ etməliyəm ki, baxın, Azərbaycan musiqisi budur! Gələcəkdə o missiya mənim üzərimə düşsə, mən də bu ölkənin vətəndaşı kimi özümə borc bilərəm onu. 

Görürəm Avroviziya sevdan böyükdür. Bu yaxın illərdə ölkəmizi təmsil etmək istəyin var?

- Avroviziyanı lap əvvəldən izləyirəm. Baxırdım ki, orada daha çox vakal ifaçıları öndə olur. Amma sonra Rıbak qalib olanda, anladım ki, şərt vakal ifa ertmək deyil. Sən elə oxuya bilərsən ki, ona el arasında şirin oxumaq deyirlər... Elə bir mahnı ilə çıxıb ifa edərsən ki, bütün dünyanı fəth edə bilərsən. Mən Röya xanımı həqiqətən həm bir şəxsiyyət kimi, həm də gözəl ifaçı kimi təqdir edirəm. Röya xanımın elə də böyük səs imkanları yoxdu. Bir balaca səsi var. Amma o qədər böyük ürəyi var ki, balaca səsə qoyduğu ürək artıqdan da artıqdır. Mən həmişə seçilən səsin tərəfdarı olmuşam. Zil səsin, bəm səsin yox. 

"Canan"la Avroviziyada yer tutmaq olardı?

- Baxın, açıq danışacam, tam səmimi danışacam! Mən son zamanlar Azərbaycan pop estrada janrında yazılan musiqilərdən heç cürə təsirlənə bilmirəm. Biz yaradıcı insanlar çox vaxt ya musiqi, ya şeir, ya insturmental musiqi, hətta filmdən də belə təsirlənib, mahnı yazırıq. Mən özümə bəstəkar demirəm, həvəskar yazar deyək. Təəssüf olsun ki, bugün yerindən duran özünə bəstəkar deyir. Mən bugünkü gündə Avropada, Amerikada çıxan mahnılardan daha çox təsirlənirəm. Düzdür, deyərdim ki, 90 faizinin sözlərini başa düşmürəm. Amma orada musiqi, melodiya, ifa tərzi, ürək və əsas da aranjıman var - onları dinləyəndə dincəlirəm. Onlardan təsirlənib, nəsə yazıram. Biz "Canan"ı yazanda elə fikirləşdik ki, dünya standartlarına uyğun mahnı olsun və onu əldə etdik. Biz bunun sübutunu ona bildik ki, İnstaqramda tanımadığım əcnəbi vətəndaşlar mənə İsveçrədən, Türkiyədən, İrandan, Almaniyadan, Amerikadan videolar çəkib göndərirdilər. Hər halda Amerikada yaşayan adam "history"lərində paylaşırsa və yaxud məni mahnının videosuna işarələyib "Very good" yazırlarsa demək istəyimə çatmışam. Onda anladım ki, bu mahnı dünya standartlarında aranjıman olunub, ifa edilib. Avropada, Amerikada yaşayan insanlar gündə o qədər zövqlü treklər eşidirlər ki, hər halda bizim "Canan" yaxşı olmasaydı maraq göstərməzdilər. 

Amma bu mahnıya görə çox tənqid olundun ...

- Məşədi Babanın sözlərinə ifa etdiyim üçün tənqid olundum. Məşədi Babanın bu qəzəli ilə bağlı tarixçəni də çox gözəl bilirəm. Bəzən insanlar danışırlar, heyfislənirəm, pis oluram biraz da. Elə bilirlər ki, mən elə dünənki uşağam, sözü necə gəldi götürüb oxumuşam. Əslində mahnı lirik olaraq yazılmışdı. Çünki sözlər pozitiv sözlər deyil. Sadəcə olaraq mən bu mahnını buraxanda yay ərəfəsi idi. Aranjımançı mahnını dinləyəndə dedi  ki, yaydı. yayda belə mahnı kimə lazımdır. Gəl bunu ritmik edək. Aranjımançı "saqqızımı oğurladı". Biz ona görə bu mahnını ritmik hazırladıq. Çoxları deyir,  Məşədi Babanın adını qeyd etməmisən. Bu qəzəlin əvvəlində "canan"dan gedir söhbət, bir xanıma xitab edilən bir qəzəldi. Axırıncı beyiti deyəcəm:

Baba, biz insanıq, insan ilə insanlıq edək.

Qoy deməsinlər bizə "İnsan olub neyləmisən?"

...Burada insanlıqdan bəhs edir artıq. Bu bənd o mövzuya uyğun gəlmirdi. Qəzəl kimi desəydik ayrı. Bundan əlavə onun klipini də düşünmüşdük. Açıq-saçıq geyimlər, qızlar və s. Buna görə də biraz düz gəlmirdi orada insanlıqdan danışmaq. Onsuz da bilən bilir ki, bu qəzəl Məşədi Babanındır. Çoxları günahıma girir. Youtube kanalımda klip əlavə edilən gündən Məşədi Babanın olması aşağıda qeyd edilib. Çoxları elə fikirləşirlər ki, köhnədə qalmışıq. Əvvəl klip gəlirdi, klipin aşağısında titrlərdə söz-musiqinin kimə məxsus olduğu qeyd edilirdi. İndi artıq o şeylər dəb deyil. İndi söz-musiqi aşağıda əlavə yerdə qeyd edilir. Ora baxsalar, bilərlər. "Canan" bir-iki mahnı ilə eyni vaxtda rəqabətdə idi. O mahnılar Murad Arifin "Obbalara", Raufla xalq artisti Aygün Kazımovanın "Yaraşdın mənə" dueti, Rəhim Rəhimli və Nadirin "Bumbalam buz" mahnıları idi. Onlar da yay hitləri idi. Amma "Canan" onlardan tam fərqli oldu. Açığını deyim, heç vaxt mənəm-mənəmlik etməyəcəm. Mənim mahnım kainatı da bürüsə, deməyəcəm, Bütün mahnılarıma həvəslə yanaşıram. Deyirəm "İnşallah yaxşı olacaq". "Canan"a da eyni ilə digərlərinə yanaşdığım həvəslə yanaşmışdım. 

Kumirin kim olub?

- Təzə-təzə başlayanda türk pop estradasından Kənan Doğulu, Yalın, Tarkan, Kayahana qulaq asırdım. Aralarında ən çox Yalını dinləyirdim və bir müddət oldu ki, mən ona lap çox qulaq asdım. Bir anlıq hiss etdim ki, dost-tanış, ailəm mənə "Sənin səsin çox oxşayır Yalının səsinə" sözlərini çox deyirlər. Anladım ki, mən səhv edirəm. Deməli mən özümü tapmamışam. Mən özümdən asılı olmayaraq Yalın tərzinə getmişəm. Mən burada səhv etmişəm. Ondan sonra mən 2 ilə yaxın Yalın repertuarına qulaq asmadım. Heç türk musiqisinə yaxın durmadım. Qulaq asdım Stinqə, Maykl Ceksinə... Yalan deməyəcəm, mən rayonda böyümüşəm. Orada psixologiya tam başqa cür olur, eşitdiyin musiqilər tam başqa cür olur. Mən yaxşı ki, rayonda keyfiyyətli musiqiləri öyrənib, ifa etmişəm. Bilirsiniz ki, rayonda meyxana tipli mahnılara daha çox üstünlük verirlər. Bu reallıqdır. Pis bir şey yoxdur ha, mən meyxananı da sevirəm. Bəzi insanlar fikirləşir ki, qınından çıxıb qının bəyənmir. Amma mən ən zövqsüz - "Bu nə mahnıdır axı" dediklərinə də qulaq asıram. Axtarıram ki, bəlkə orada nəsə var. Pis mahnı yoxdur, pis ifaçı var.

Renka ilə sevgili olduğun barədə dedi-qodular gəzir. Bu şayiədir, yoxsa...?

- Əlbəttə şayiədir! Renka mənimlə dostdur, bir yerdə iş görürük. Şou-biznesdə qız-oğlan dostluq edirsə, deyirlər "sevgilidirlər", ya da başqa şeylər fikirləşirlər. Açığını deyim, insanların elə fikirləşməyi məni narahat edir. Xüsusilə, bilirsiniz ki, yeni nişanlanmışam, ailə həyatı quracam. Bundan sonra bu şayiələr məni narahat edir. Olmamış bir şeyi deməsinlər. 

Yerli şou-biznesdə duet oxumaq istədiyin müğənni var?

- Bayaq adını qeyd etdiyim - Röya xanım ilə istəmişəm. Bunu ilk dəfə burada deyirəm. Bir dəfə Röya xanım dedi ki, "Yaxşı mahnı olsa niyə də oxumayaq". Sadəcə deyərdim, bir balaca tənbəllik edirəm. Duet oxuyacağımız mahnını ilk növbədə Röya xanım bəyənməlidir. Amma təbii ki, mənim də ürəyimcə olmalıdır. Elə bir duet olmalıdır ki, hamı desin "Nə yaxşı bir yerdə oxudular". Elə mahnılar bir az məsuliyyət tələb edir. Onu bir az zamanın öhdəsinə buraxmışam. Biri var oturub fikirləşib mahnı yazasan, biri də var o təb gələ ki, mahnı yazıla. Yazılanda fikirləşim ki, "Hə, bu paydı, mənə verildi". 

Solo konsert planlaşdırırsan?

- Mənim hazırda haradasa 3 mahnım var ki, kütlə toplayacaq. Bunlar "Tünd şərab", "Sevdiyim xanım", "Canan"dır. "Canan" kimi tutacaq ikinci bir mahnım olan kimi mütləq konsert verəcəm. Tam arxayın olmaq istəyirəm ki, mən konsert edəcəyim böyük bir zalı, hər halda "Yaşıl teatr"ı doldura biləcəm. Qohum-əqrabaya bilet verim ki, gəlin oturun boş qalmasın. Elə yox... Biləcəm ki, mənim ifamı həqiqətən sevən insanlar gəlib, oturacaqlar orada. Azərbaycanda konsert anlayışı çox zəifdir. Bunun səbəbini 50 fazi biz ifaçılarda görürəmsə, 50 faizi də tamaşaçılardadır. Biz bacardığımız qədər konsert vermək istəsək də, tamaşaçımızda o istək yoxdur. Bunun da günahını özümüzdə görürəm. Çünki biz yaxşı musiqi təqdim etmirik. Mən türk müğənnisi olsaydım, "Canan"la Türkiyənin ən azı 6-7 şəhərində konsert verə bilərdim. Bunlar zamanla düzələn şeylərdir. Azərbaycan xalqının başı çox bəlalar çəkib. Bunun səbəbini mən bunda görürəm. İnsanlar indi-indi arxayınlaşır, rahat gəzir, azadlıq var, demokratiya var. Arzu edirəm ki, mənim səsim konsertlərdə batsın. İki-üç gün danışa bilməyim. Onu arzu edirəm, Allah qismət eləsin mənə. Toyda yox, konsertdə batsın. Konsertdə ifa etdiyin mahnı ən azı 1 ay, 2 ay, 3 ay tamaşaçıların yadında qalır. Toyda isə hərənin fikri bir yerdə. Yemək yeyə-yeyə, oynaya-oynaya - o insan necə yadında saxlasın mənim nə ifa etdiyimi. Bir az "50 də vurdu", öz adı yadından çıxır, nəinki, kiminsə nəsə oxuması. 

Toydan, şou proqramlardan başqa gəlir yerin var?

- Yoxdur, amma İnşallah yaxın zamanda olacaq. Çünki musiqini mənə Allah verib. Onu məndən yalnız Allah ala bilər. Amma hamı kimi, Allah mənə əl-qol verib, düşüncə verib və əsas da məni kişi yaradıbsa, mən gələcəkdə ailəm, özüm üçün başqa bir biznes sahibi də olmalıyam. Biznes sahəsini də ki, şükür Allaha yaxşı bilirəm. Biznesin 70 faiz sirlərini bilirəm, xobbimdir. Bunu da haradasa incəsənətə bağlayacam. Bunun bizim ifaçılara da xeyiri olacaq. Oradan sırf maddiyat qazanmaq üçün bunu edəcəm. Mən musiqiyə maddiyat qazanmaq üçün baxmıram. 

Toya yarım saatlıq gedirsən, yoxsa bütov toy da idarə edirsən?

- Bütöv toy da idarə edirəm. Amma çox böyük məbləğə getmirəm. Çünki toy bazarında o qədər müğənni var ki, bir az çətindir. Bir az insanları da başa düşürəm, imkanı çatmayanı var. Yəni, adamına görə qiymət deyirəm. Elə qiymətə gedirəm ki, bugünkü gündə o qiymətə populyar müğənnilər hamısı gedir. Hətta neçə illərdir toylarda olan müğənnilər də o qiymətə gedir, mən də o qiymətə gedirəm. Şou-biznes elə bil bir od çəmbəridir və mən o odun ətrafında elə fırlanıram ki, yanmıram. Oradan istədiyimi götürürəm, amma özümü yandırmıram. Mən heç vaxt o şəraiti yaratmaram ki, mənim ata-anamı, hərbiçi qardaşımı yolda görənlər "Sənin qardaşın müğənnidir, o nə hərtəkətdir edir?" desinlər. Amma bugünkü gün, şou-biznesdə elə müğənnilər elə hərəkətlər edirlər ki, elə oyunlardan çıxırlar ki, qurunun oduna yaş da yanır. Biz də onların badına gedirik. 

Bu yaxınlarda bir dostumun məclisində oturmuşam. Mən ora oxumağa yox, qonaq kimi gətmişdim. O dostum məni normal oğlan kimi dəvət etmişdi ki, "Gəl, uşaqlarla oturmuşam". Həmin masada bir nəfər də vəzifəli şəxs var idi. Qayıtdı ki, biz həmişə məclislərimizə filankəsi çağırırıq oxumağa, indi sən gəlmisən. Dedim "Üzr istəyirəm, mən bura oxumağa gəlməmişəm". Dostum tez söhbətə "girişdi"... 

Bu çəmbərin odununun səni yandırmamasının səbəbkarı Namiq Qaraçuxurlu ola bilər?

- Elədir ki, var. Namiq mənim dəyərli dostumdur. Namiq kimi Əbdül Xalidi də deyə bilərəm. Mən onlardan müəyyən şeyləri götürürəm. Çox vaxt elə insanlarla oturub-dururam. Eyni siyasəti yeridirik. Qalmaqal da olsa, danışmaq lazımdırsa danışırıq, danışmaq lazım deyilsə cavab vermirik. 

Hələ bu yaxınlarda bir nəfər Namiqlə ikimizə söz atmışdı. Namiq o videonu mənə göndərdi, dedi "Bax, gör nə deyir bu". Dedim "Bu da yox da. Bundan başqası danışsaydı, deyərdim ki, insandı da. Amma bu da yox da ta! Birinci getsin insan kimi özünü formalaşdırsın, hələ müğənniliyi qoyuram kənara. Kişisənsə kişi olmalısan. Sənin adına başqa ləkə olmamalıdır. Baxırsan ki, min hoqqadan çıxır, deyir mən kişiyəm e, mənim kişiliyimə söz deyə bilərsən?! Ay qardaş, sən min hoqqadan çxırsan e. Hansı kişilikdən danışırsan. Belə şeylər var. 

Şou-biznesdə hansı ailəli gənc həmkarının ailəsini ideal hesab edirsən?

- Elçinə (Cəfərov) baxıram, deyirəm "Əladı, qardaş. Allah səni həmişə xoşbəxt eləsin". Yeri gəlsə, Elçin çəkinmədi, gündəmə də gətirdi. Amma hər şeyi çərçivədə. İnsanın özündən çox şey asılıdır. Özünü necə təqdim etsən, insanlar da sənə elə hörmət edəcəklər. Mənim Elçinə və ailəsinə böyük hörmətim var. Hətta Elçinin ailə məclisində mən həm müğənni, həm də dost kimi iştirak etmişəm. 

Şou-biznes nümayəndələrindən yaxşılar pislərin güdazına gedir. Vəziyyət o həddə çatır ki, deyirlər "Mən oxuyana qız vermərəm". Baxıram, həm qınayıram, həm qınamıram. Özümə baxıram, deyirəm "Ay Allah, nə olub da mənə". Bəlkə başqası mənim qədər ailə dəyərlərini düşünmür. Nə olar ki, mənim də həyatım belə gətirib, müğənni olmuşam...

Təhməz Təkin
Milli.Az