Mehriban Əliyeva Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürdü
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı
Qənirə Paşayeva məlumat yayıb.
"Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər
zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti
ölkəmizdə insanlarımızın, demək olar ki, hamısı bilirlər. Şəhid
ailələrimiz, qazilərimizlə görüşlərdə, bir sıra çıxışlarında da hər
zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı
göstərməyə çağırıb. Bir çoxları bilməsə də, qeyd etməliyəm ki, ağır
yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın
diqqət və qayğısı nəticəsində Türkiyənin "Gülhanə" hərbi
hospitalına göndərilib və onun müalicəsi birbaşa Mehriban xanımın
nəzarəti altında olub. Mehriban xanımın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun dəstəyilə Qoşqar qardaşımız Gülhanə hərbi
hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq
lazımi müalicələri alıb", - deyə Qənirə Paşayeva bildirib.
Deputat qeyd edib ki, bu müddət ərzində o hər zaman diqqət altında
olub və bütün dəstəyi Mehriban Əliyeva göstərib: "Bakıya
qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib.
Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində
yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub.
Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin
ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və s. kimi
doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını
üzüntü ilə və ciddi narahatlıqla izlədik”.
Millət vəkili vurğulayıb ki, bu, dövlətimizin maraqlarına zərbə
vuran və düşmən sevindirən addımlardır: “Digər tərəfdən, hər zaman
qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və
onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını
söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki
Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və
qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu
istiqamətdə gördükləri işlərlə bağlı mətbuata, adətən, məlumatlar
vermirlər”.
Millət vəkili Qoşqar Hacıyevlə bağlı məlumat alan kimi Hərbi
Hospitala getdiyini, hospitalın rəhbəri ilə ailə üzvlərinin,
qazinin dostlarının iştirakı ilə vəziyyəti müzakirə etdiyini
bildirib:“Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini
xahiş etdi. Bu məsələni Birinci vitse-prezidentimiz Mehriban xanım
Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar
müəllimə çatdıranda onun dediyi söz "Hər zaman qazimizin
yanındayıq" oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat
olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin
göstərilməsini tapşırıb və bu dəstək göstəriləcək. “Gülhanə” ilə
danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin
qardaşı İlqar bəy zəng edərək, Qoşqar qardaşımızı “Gülhanə”də
müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə
məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu
həkimlər üçün rica etdiklərini bildirərək, “Həmin həkimlər Bakıda
çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin
həkimlərin nəzarətində müalicə ala bilər” dedi. Qoşqar qardaşımız
artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar
bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o,
Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar
verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə
dövründə göstəriləcəyini bildirdi. Bu gün EGE Hospitalda həm Qoşqar
qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən
gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. “Mehriban
xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdir”
dedilər və Heydər Əliyev Fondundan nümayəndələrin gəldiyini, həm
qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də gərəkən bütün
dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini
söylədiklərini bildirdilər. Qazimizin əziz anası və bütün ailəsi
Mehriban xanımın diqqətindən çox razı qaldılar və təşəkkürlərini
söyləməmizi xahiş etdilər. Mən də öz adımdan və Qoşqar qardaşımızı
sözün əsl mənasında düşünən bütün insanlar adından Mehriban xanıma
bir daha gözəl addımı və örnəyi üçün təşəkkür edirəm. Yenə gözəl
bir addımla hər birimizə örnək oldu. Anar müəllimə, EGE Hospitala,
türkiyəli həkimlərə qazimizə diqqətləri və qayğıları üçün təşəkkür
edirəm. Çox ağır vəziyyətdə olan Qoşqar qardaşımızın vəziyyətində
bir az da olsa, müsbət irəliləyiş var. Allah yardımçısı olsun və
dualarınızı əskik etməyin”.
Millət vəkili bildirib ki, bu yazıdan sonra Qoşqarla bağlı sadəcə
düşmən sevindirən şəkil və yazılar paylaşanlar onları
səhifələrindən çıxaracağına inanır: “Dövlətimizi qorumaq hamımızın
borcudur. Qazimizin hər zaman yanındayıq. Dualarınızı bol edin. Bu
gün reanimasiyada qapıdan anası, qardaşı, döyüş dostu Razi bəy və
digər dostlarla onunla qısa söhbət etməyə çalışdıq, onun üçün
dualar etdiyimizi söylədik. Cavab verə bilməsə də, bizi duyduğunu
hiss etmək çətin deyildi. Allah yardımçısı olsun. Allah ailəsinə də
hər zaman kömək olsun”.