Dünya
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə
Səudiyyə Ərəbistanının baş konsulluğunda aparılan araşdırmalar zamanı oktyabrın 2-də yoxa çıxmış jurnalist Camal Kaşıkçının öldürülməsinə işarə edən dəlillər tapılıb.
Metbuat.az Türkiyə mənbələrinə istinadla xəbər verir ki, bu barədə Asoşeyted Press agentliyi məlumat yayıb. Türkiyəli mütəxəssislər konsulluğun həyətində torpaqdan nümunələr götürüb, həmçinin qan izlərini tapmaq üçün ultrabənövşəyi şüalardan istifadə ediblər.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, müstəntiqlər Səudiyyə Ərəbistanı konsulunun iqamətgahına da baxış keçirəcəklər.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb.
Sübhan / METBUAT.az