Dünya

İranda korrupsiyaya görə üç nəfərə edam cəzası

Metbuat.az

İran mediası ölkədə korrupsiya və maliyyə cinayətləri ilə mübarizə üçün keçən ay qurulan xüsusi məhkəmənin korrupsiyada ittiham olunan üç nəfəri edam cəzasına məhkum etdiyini yazıb.

Məhkəmə daha 32 şübhəliyə 20 ilə qədər olan müxtəlif həbs cəzaları verib.

İranın dövlət televiziyası ölkənin məhkəmə sözçüsü Golam-Hüseyin Mohseni-Ejei-nin 3 şübhəlinin "dünyada korrupsiyanı yayma" ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqladığını bildirib.

Şübhəlilərin edam cəzaları haqda Ali Məhkəməyə apellyasiyaya müraciəti hüququ var.

Xüsusi məhkəmələr İranın dini lideri Ayətullah Əli Xameneyinin "xarici qüvvələrin iqtisadi müharibəsinə qarşı sürətli və ədalətli hüquqi addım atılması" çağırışından sonra qurulub.

İran rəsmiləri ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və xaricdəki iranlı müxaliflərin İranda qeyri-sabitlik və xaos yaratmaq üçün iqtisadi müharibə apardığını iddia edir.

ABŞ may ayında İranla 2015-ci ildə razılığa gəlinən beynəlxalq nüvə razılığından çəkilib və İrana qarşı iqtisadi sanksiyaları artırmışdı.

Vaşinqtondan noyabr ayında İranın neft sektoruna qarşı yeni sanksiyaların açıqlanacağı gözlənir.

İran rialı aprel ayından bu yana 70 faiz dəyər itirib.

Ölkədəki iqtisadi problemlər küçələrdə etirazlara səbəb olur.

Etirazçı yük maşını sürücülərinə edam təhdidi

İranın Baş prokuroru Muhammed Cafer Montazeri aşağı maaşa etiraz etmək üçün ölkə miqyasında tətilə başlayan yük maşının sürücülərinə bildirmişdi ki, tətillərə davam etsələr onlara "sərt cəzalar" veriləcək.

Bəzi yük maşını sürücüləri yolları bağlamışdı, onlarla sürücü isə polis tərəfindən saxlanmışdı.

Montazeri sürücülərin "şose oğurluğu" ilə əlaqədar qanunlara görə edam cəzası ala biləcəyini vurğulamışdı.

Milli.Az