Əli Əhmədov: “Dünyanı 13-15 il ərzində dəyişdirmək mümkündür”
“Dünyada milyonlarla insan aclıq və iqtisadi çətinliklərdən sıxılır. Biz üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik və elə dünya qurmalıyıq ki, orada aclıq olmasın, insanlar xəstəlik tapmasın”.
Publika.az xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Əli Əhmədov bildirib ki, qarşıda duran vəzifələr dövlətləri daha ciddi şəkildə işləməyə vadar edir: “Bu vəzifələri reallıqdan uzaq saymaq da olmaz. Mən bunu deyərkən Azərbaycan reallığına söykənirəm. 13-15 il ərzində Azərbaycan yoxsulluğu 55 faizdən 5 faizə endirə bilib, 2 milyon iş yeri açılıb. Bu rəqəmlərin reallıq olduğunu sübut etməyə ehtiyac yoxdur. Amma dəyişikliklər yalnız statistikada özünü tapmır, Azərbaycanın siması da artıq dəyişib. Bakı gözəl və müasir şəhərə çevrilib. Azərbaycanın bütün regionlarının siması dəyişib. Bütün bunların 13-15 il ərzində əldə edilməsi bizi inandırır ki, dünyamızı da 13-15 il ərzində dəyişdirmək mümkündür”.
Əli Əhmədov əlavə edib ki, dünyanın simasını dəyişmək üçün bir neçə şərt mövcuddur: “Dünya dövlətləri və liderlərinin ortaya iradə qoyması lazımdır. Qaçqınlar, toqquşmalar, müharibələr, ölkələrin darmadağın edilməsi dünyamızın əsas problemləridir. Bunlar həll edilmədən, 2030-cu ilə qəddər dünyanın simasını dəyişdirmək mümkün deyil. Azərbaycan məcburi köçkün problemini yaşayan ilk dövlətlərdir. 10 milyon əhalisi olan Azərbaycanın 1 milyon məcburi köçkünü var. Erməni təcavüzü, Azərbaycan torpaqlarının işğalı nəticəsində bu insanlar qaçqın vəziyyətinə düşüb. Azərbaycaan hökuməti fəaliyyətini qaçqınların daha layiqli yaşaması üçün səfərbər edib. Amma insanlar öz doğma evlərinə qayıtmayıb, torpaqlar işğal altında qalır. Odur ki, bəşəriyyət, o cümlədən BMT səy göstərməlidir ki, qaçqın problemi öz həllini tapsın. Biz bu problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın vacibliyini bilirik”.
Baş nazirin müavini sonda forumun işinə uğurlar arzulayıb.