Vüqar Rəhimzadə: Türkiyə-Azərbaycan birliyi sarsılmazdır
“Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr
olunmuş parad bir daha Azərbaycan-Türkiyə dostluğunun, eyni
zamanda, iki dost, qardaş ölkənin malik olduğu imkanların
təqdimatında əhəmiyyətli rol oynadı. Qardaşlığın, sədaqətin rəmzinə
çevrilən bu zəfər bayramı ulu öndər Heydər Əliyevin “Bir millət,
iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir» tezislərinin əsl mahiyyətini
açıqladı, iki dost, qardaş ölkəni biri-birinə bağlayan tellerin
möhkəmliyinə işıq saldı. “Bu bayram günündə biz birlikdəyik. Yüz il
bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik”
söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bu gün
Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci
belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın, bu qədər
bir-birinə arxa-dayaq olsun. Birliyimiz bütün sahələrdə özünü
büruzə verir”.
Bu barədə Publika.az-a açıqlamasında YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
deyib.
V.Rəhimzadə Türkiyə ilə Azərbaycanın birgə səyləri nəticəsində
gerçəkləşdirilən layihələrin regionda sabitliyə, təhlükəsizliyə
xidmət etdiyini bildirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin
dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin ardıcılları davamlıdır və dünyanın enerji
təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artmasına böyük
töhfələr verirlər. 2018-ci ilin mayında “Cənub Qaz Dəhlizi”nin
rəsmi açılışı, iyun ayında TANAP-ın istifadəyə verilməsi, 2020-ci
ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP, həmçinin ötən ilin
oktyabrında istifadəyə verilən, əhəmiyyətinə görə heç də enerji
layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu regionun
təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısı, geniş tranzit
imkanlarına malik olan Türkiyə-Azərbaycan birliyinin fonunda
reallığa çevrilən, həm region, həm də dünya dövlətlərinin iqtisadi
inkişafına geniş yol açan layihələrin davamlılığından, eyni
zamanda, bu birliyin əbədiliyindən xəbər verir. Ölkə Prezidenti bu
əminliyi ifadə edir ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə
müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf
edəcək”.
Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, parad 27 illik
müstəqillik tarixini yaşayan Azərbaycanın iqtisadi imkanlarının
genişlənməsi fonunda güclənən və qüdrətlənən Ordusunun təqdimatı
oldu: “Yaxın günlərdə müstəqilliyinin bərpasının 27-ci ildönümünü
qeyd edəcək illik müstəqillik tarixini vərəqləyəcək Azərbaycanın
iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması uğurlu
və təkmil iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin
həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycanın beynəlxalq
münasibətlər sistemində yeri və rolu möhkəmlənir. Bunun bariz
nümunəsi Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Təbii ki, bu
uğurlara yol açan Azərbaycanın iqtisadi qüdrətinin günbəgün
artmasıdır. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.
Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Ölkə iqtisadiyyatına
250 milyard dollar sərmayə qoyulub. Bu gün ölkəmizdə işsizlik 5
faiz səviyyəsindədir. Davamlı uğurlarımız regional və beynəlxalq
əməkdaşlıqda yeni-yeni uğurlara yol açır. Cənab İlham Əliyevin qeyd
etdiyi kimi, uğurlarımız Azərbaycanın gələcəyinin parlaq olacağı
barədə aydın təsəvvür yaradır”.
V.Rəhimzadə dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi
bütövlüyünün qarantı olan ordumuzun gücü və qüdrətinin artmasını
şərtləndirən amillərdən bəhs edərək, bu uğuru diqqətə çatdırıb ki,
bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya
miqyasında 50 ən güclü ordu sırasındadır: “Hərbi potensialımız
artır. Müharibə şəraitində olan ölkə üçün güclü və qüdrətli ordunun
olması əsasdır. 2016-cı ilin aprel, cari ilin Naxçıvan qələbələri
Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu, torpaqlarımızı
işğaldan azad etmək qüdrətini bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısı cənab İlham Əliyev paradda bu əminliyi ifadə
etdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də
işğal altında olan bütün torpaqlarda qaldırılacaq”.
Uğurlarımızın davamlılığı üçün bütün imkanların mövcudluğunu qeyd
edən V.Rəhimzadə bildirib ki, Azərbaycanın istər ikitərəfli,
istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksək
səviyyədə olması reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə
çatdırılmasında əhəmiyyətli rol oynayır: “Ən əsası dünyaya nümunə
olan Azərbaycan-Türkiyə birliyi bütün sahələrdə olduğu kimi, xarici
siyasətimizin tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində də vahid mövqedən çıxış edərək, bütün
münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri
əsasında çözülməsinin vacibliyini bəyan edir. Azərbaycan-Türkiyə
birliyinə, həmrəyliyinə əsaslanaraq, bu fikri böyük fəxr hissi ilə
qeyd edə bilərik ki, bu gün, sözün əsl mənasında, tarixi bir
gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı
günüdür. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi
kimi, bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir
yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz,
qardaşlığımız əbədidir”.
V.Rəhimzadə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
çıxışına xüsusi diqqət yönəldərək, Azərbaycan-Türkiyə qardaşlığının
gələcəyi üçün möhkəm bazanın olduğunu qeyd edib. “Biz bu gün yalnız
Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə
dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü
ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə
əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan
qardaşlığımızı da dərk edirik” söyləyən R.T.Ərdoğan bildirib ki,
Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim
qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir.
Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə,
biz də sevinərik”.