Ölkə

Radikal dini cərəyanlarla necə mübarizə aparmalı?

Metbuat.az

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev , ictimaiyyət nümayəndələri, müəllimlər və məktəbin 9,10 və 11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçılmazdır. Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev isə bildirib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində, məzhəblər arasında ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: “Ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri azad şəkildə öz dini ibadətlərini həyata keçirirlər”.

Y.Abdullayev qeyri-qanuni şəkildə fəaliyyət göstərən zərərli dini cərəyanlar haqqında məlumat verib, onların təbliğat metodologiyası, fəaliyyət istiqamətləri haqqında danışıb. Şöbə müdiri qeyd edib ki, ictimai həyatda hər gün qarşılaşdığımız dindarlar, dini fəaliyyətlər haqda fikirlərimiz və münasibətimiz humanizm prinsiplərinə əsaslansa da, onların fəaliyyətlərinin nəticələrini öyrəndikdə, təhlillər aparıldıqda gəlinən nəticə budur ki, zərərli dini cərəyanların apardığı təbliğatların məqsədi tarix boyu əldə etdiyimiz milli-mənəvi dəyərlərin məhvinə, şəhidlərimizin qanı bahasına qurub yaratdığımız dövlətçiliyimizin əsaslarının sarsıdılmasına yönəlib.

Y.Abdullayev terrorizm, ekstremizm, radikalizm kimi ifadələrin İslam adı ilə yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu vurğulayıb. Bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə öz töhfələrini verən, onu zənginləşdirən İslam dininin bütün sülhsevər, səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını və onlarla dialoq, əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.