"Məni narahat edən aparıcı futbolçuların klublarında oynamamasıdır" - Qurban Qurbanov
"Mənim gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Bu görüş bizim üçün çox vacibdir. Neçə gündür komanda ilə bir yerdəyik. Rəqibin oyunlarına baxıb, futbolçuları ilə tanış olmuşuq. Ümumilikdə, pis hazırlaşmamışıq, oyunçularımız istəklidirlər. Yaxşı rəqiblə oynayırıq, bizə ağır olacaq. Amma sabah hamı ən yaxşı oyununu göstərməyə və meydanda sona kimi mübarizə aparmağa çalışacaq. Kosovonun cəmi 3 oyununa baxmışıq. Buna baxmayaraq, hər bir futbolçusu və ümumi çıxışı ilə yaxından tanış olmuşuq. İnanıram ki, sabah hamıya maraqlı oyun göstərə biləcəyik. Meydanda yaxşı mübarizə aparıb, düşünülmüş oyun sərgiləyəcəyik"
Publika.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının ilk turunun Kosovo ilə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Vacib oyunlar öncəsi qarşısınıza çıxan ilk əngəl nə
oldu?
- İlk növbədə həmişə ilk əngəli özümüzdə axtarmışam, görmüşəm.
Başda mən olmaqla, bütün futbolçularımızın oyuna nə dərəcədə hazır
olmağı çox vacibdir. Mənim üçün ən böyük əngəl budur. Son vaxtlar
məni narahat edən əsas amil aparıcı futbolçuların klublarında
oynamamasıdır. Birbaşa Arazı deyə bilərik. Neçə aydır heç bir oyuna
çıxmayıb, ona görə də milliyə dəvət olunmadı. Digər tərəfdən,
Dmitri Nazarov da son vaxtlar nadir hallarda meydana çıxır və az
oynayır. Ramil Şeydayev rəsmi oyunlara çıxmayıb. Onun da oyun
təcrübəsi məni narahat edir. İlk növbədə bunlar mənə əngəl ola
bilər. Futbolçu meydanda 90 dəqiqə ərzində oyun ritmini bir qaydada
saxlaya bilmir. Amma komandama inanıram və görürəm ki, çox
istəklidirlər. Bundan sonra rəqibin oyunçularının fərdi ustalığı
gəlir. Buna da hazırlaşmışıq. Ancaq bunları səbəb görmürəm, heç
düşünmək də istəmirəm. Çalışırıq ki, sabah komanda heç bir əngəl
hiss etməsin və meydanda doğru oyun qura bilsin.
- Kosovonun heyətində əksər futbolçular Avropada çıxış
edir. Bu, sizin futbolçulara nə dərəcədə təsir
göstərir?
- Rəqib futbolçuların hər birinin çıxışını ayrılıqda izləyirik, çox
sabit oynayırlar. Xüsusilə də hücum xətti. Hər bir üzvü
məhsuldarlığı ilə seçilir. Güclü çempionatlarda çıxış edirlər.
Fərdi ustalıqları bizi narahat edə bilər. Amma bizim
futbolçularımız təcrübəlidir. Bu cür oyunçulara qarşı oynayıblar.
Sabah bizim üçün kollektiv oyun vacib olacaq. Hər bir futbolçu
meydanın hər yerində komanda yoldaşını sığortalasa, rəqibin
üstünlüyünün qarşısını ala bilərik.
- Həm Almeyda, həm də Ramil klubların az oynayırlar.
Onların hazırkı durumu necədir?
- Hər ikisinin hazırlığı normaldır. Sadəcə, məni narahat edən Ramil
Şeydayevin oynamamasıdır. Almeyda isə son oyunda 57-ci dəqiqədən
etibarən meydana çıxıb. Komandası 120 dəqiqə oynayıb. Bununla belə,
durumları pis deyil.
- Kosovonun baş məşqçisi Azərbaycanı qrupun favoriti
hesab edir. Bu, futbolçularımızda arxayınlığa səbəb ola
bilərmi?
- İnanmıram. Birincisi, bizə hörmətlə yanaşdığı üçün həmkarıma
təşəkkür edirəm. Biz də rəqib komandaya hörmət edirik,
qarşılıqlıdır. Amma bu, bizim oyunumuza, təcrübəmizə mane ola
bilməz. Kosovoya ciddi yanaşır və buna uyğun da öz oyunumuzu
qurmağa çalışırıq
- Sabah heyətdə məcburi rotasiya olacaqmı?
- Ola bilər ki, olsun.
- Ramilin oynamadığını qeyd etdiniz. Amma "Keşlə"nin heyətində oyun təcrübəsi olan Amil Yunanovu dəvət etmədiniz. Sizcə, Amil daha hazır deyil?
- Bütün futbolçular nəzarətimiz altındadır. Amilin də praktikası azdır. Ramil sadəcə rəsmi oyunlarda oynamayıb, "Trabzonspor"un heyətində yoldaşlıq oyunlarında iştirak edib.
- Demək olarmı ki, Amil verilən şansdan istifadə edə
bilmədi?
- Belə deməzdim. Hamısı nəzarətimizdədir. Bu toplanışa,
çağırılmasalar belə, digərlərinə dəvət ala bilərlər. Bunu əvvəlcə
də demişəm.
- Futbolçuların çoxu əvvəlki formasından uzaqdır. Sizə
elə gəlmirmi ki, bu, təsadüf deyil?
- Bu, mənim tərəfimdən düzgün yanaşma olmaz. Bəlkə də fikir mənə
düzgün çatmadı. Ümumən, hər bir futbolçunun zirvə nöqtəsi olur. Onu
2-3 il qoruyub saxlaya bilər. Bəlkə də təsadüf adlandırmaq olar ki,
onlar mənim dövrümdə belə oldu. Amma həmişə belə hallar ola bilər.
Məndə kənar fikirlər formalaşmamalıdır. Komandanı qısa vaxt ərzində
hazırlamalıyam. Bəzi futbolçular son vaxtlar oynamaya bilərlər,
amma təcrübələri var. Hamısına güvənirəm. Çalışacağıq ki, sabah
meydanda oyun təcrübəsi baxımından çatışmazlıq hiss olunmasın.
- Rəqib yarımmüdafiə və müdafiə xətti arasında dəhliz
yaradıb və bundan istifadə etməyə çalışır. Buna qarşı taktiki gediş
hazırlayırsınız, yoxsa?..
- Bəlkə də fikirlərimi burda deməyim düzgün çıxmaz. Bilirik ki,
rəqib çox aqressiv komandadır. Pressinq edirlər, yaxşı futbolçuları
var. Buna qarşı tədbir görəcəyik. Bizim də hücumlarımız olacaq və
bundan istifadə etməyə çalışacağıq.
- Bilirik ki, əsas hədəf qrupu lider kimi başa vurmaqdır. Kosovonu bu baxımdan əsas rəqib hesab etmək olarmı?
- Hamımız belə düşünürük. Hər bir komanda bu turnirin qalibi olmaq istəyir. Amma səhv etmirəmsə, fikirlərimi bildirmişdim. Bütün diqqətimizi bu turnirə yönəltsək ki, son şansımızdır, maksimum yararlanmalıyıq, qrupdan çıxa bilməsək, dünyanın sonu olacaq, düzgün olmaz. Belədə Azərbaycan futboluna zərbə vurmuş olarıq. Heyət baxımından Kosovonu favorit göstərə bilərik, amma biz də yaxşı mübarizə aparmağa köklənmişik. Kosovo çox ciddi rəqibdir. Amma Malta və Farer adalarını da unutmaq olmaz.
- Rəşad Sadıqov bu gün U-21-i İsraillə oyuna çıxaracaq.
Həmin matçdan nə gözləyirsiniz?
- İlk növbədə uğurlar arzu edirəm. Komanda ilə birlikdə o oyuna
baxacağıq. Qalib gəlmək həmişə mümkündür. Son vaxtlar
məğlubiyyətlər olur. Ciddi rəqibə qarşı oynayırlar. Hamımız
komandaları daha yaxşı motivasiya etməyə, idman xarakteri
göstərmələrinə çalışırq. Bunlar formalaşandan sonra hamısı daha
yaxşı oyun göstərəcək. İnanıram ki, bu gün qalib gələcəklər. Ən
azından yaxşı oyun görəcəyimizi düşünürəm.