Makkeyn bu gün dəfn olunacaq
ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biri olan respublikaçı-senator Con Makkeynin dəfn mərasimi bazar günü keçiriləcək.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, mərhum senator Annapolisdə (Merilend ştatı) vaxtilə məzunu olduğu hərbi-dəniz akademiyasının ərazisində dəfn ediləcək.
Bütün həftə boyu Makkeynlə vida mərasimləri keçirilib. Sentyabrın 2-də gündüz saat 2 radələrində (Bakı vaxtı ilə 22:00) akademiyanın kapellasında şəxsi mərasim olacaq. Orada yalnız mərhumun ailə üzvləri, dostları, həmçinin akademiyanın nümayəndələri iştirak edəcəklər. Mərasimdən sonra Makkeyn kurs yoldaşı və yaxın dostu olmuş admiral Çak Larsonun məzarı yanında basdırılacaq. Bütün tədbirlər ictimaiyyət və jurnalistlər üçün qapalı olacaq.
Şənbə günü Vaşinqtonun milli kilsəsində keçirilmiş xatirə tədbirində Amerikanın iki sabiq prezidenti - Corc Buş (oğul) və Barak Obama nitq söyləyiblər. Hazırkı prezident Donald Tramp vida tədbirlərinin heç birinə dəvət olunmayıb. Bununla yanaşı, onun qızı İvanka Tramp da daxil olmaqla, Ağ ev administrasiyasının təmsilçiləri kilsədə keçirilən mərasimə qatılıblar. Həmçinin cümə günü vitse-prezident Mayk Pens ABŞ konqresində nitqlə çıxış edib.
Xatırladaq ki, Con Makkeyn avqustun 25-də 81 yaşında vəfat edib. O, bir il beyin xərçənginin aqressiv forması ilə mübarizə aparıb.
Milli.Az