Ərdoğan və Putin İdlib məsələsində razılığa gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən görüşün nəticəsi ilə bağlı birgə mətbuat konfransı keçiriblər.
Publika.az xəbər verir ki, mətbuat konfransı TRT HABER kanalı vasitəsi ilə canlı yayımlanıb.
Prezidentlər müzakirə olunan məsələlər barədə geniş məlumat veriblər. Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyəti yüksək qiymətləndirən liderlər həyata keçirilən iqtisadi layihələrin mövcud razılaşma əsasında davam etdiyini bildiriblər.
Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini, o cümlədən münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini ifadə edən Prezident Rəcəb Tayyip qeyd edib ki, Türkiyə İdlib məsələsində üzərinə düşəni yerinə yetirməkdə davam edəcək. Rusiya bu bölgəyə hücum edilməməsi üçün lazımı tədbirlər görəcək.
Türkiyə və Rusiya hərbiçilərinin bölgədə ortaq hərəkət mexanizmi quracaqlarını ifadə edən Prezident Vladimir Putin bildirib ki, ağır hərbi texnika və silahlar münaqişə rayonundan çıxarılacaq. Oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq.