Digər

Elman Nəsirov: "Paşinyanın bütün xəyalları puç oldu"

Metbuat.az

"Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin bundan sonra da inkişaf etdirilməsi Ermənistanı qorxuya saldı və Nikol Paşinyanın bütün ümidlərini puç elədi".

Bu sözləri Publika.az-a Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri çərçivəsində bütün xəyalları boşa çıxdı:

"Ölkə başçımız cənab İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərini, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin daha da inkişaf etdiriləcəyini, eləcə də Azərbaycanın Rusiyadan 5 milyard dollar dəyərində hərbi təyinatlı avadanlıqlar almasını eşidən N.Paşinyan və onun komandası vahimə içərisindədir. İki ölkə arasındakı siyasi tərəfdaşlığın dərinləşməsi haqlı olaraq Ermənistanı qorxudur. Belə bir vəziyyətdə Paşinyanın təlaşla Rusiyaya səfər etməsi maraqlıdır. Bu səfərin uğursuz nəticələnəcəyini proqnozlaşdırmaq isə heç də çətin deyil. Paşinyan elə bilirdi ki, Vladimir Putinlə görüşüb “biz sizin strateji müttəfiqinizik, ən yaxın dostunuzuq olaraq hər zaman Rusiyanın yanıdayıq” deyib, prezidenti məmnun etməklə ikibaşlı siyasətini davam etdirə biləcək. Lakin reallıq tam fərqli oldu".

Politoloq onu da əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyandan fərqli olaraq Rusiya Federasiyasının lideri Vladimir Putin onun ikiüzlü siyasət yeritdiyinin, eləcə də qeyri-səmimi davranışlarının fərqindədir:

"Rusiya kimi nəhəng dövlətin idarəçisi, siyasətçi Vladimir Putin və Paşinyan. Paşinyan Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirir. Sizcə, Putin ona inana bilər? Putin Paşinyana necə inana bilər ki, onun mədəniyyət naziri təyin etdiyi şəxs "Ermənistanda rus dili qadağan edilməlidir" kimi bəyanatlar verir. Milli Təhlükəsizlik Şurasının sədri qoyduğu Armen Qriqoryan anti-Rusiya davranışı ilə Moskvada çox məşhurdur. Ona görə də düşünürəm ki, Paşinyan-Putin danışıqları son dərəcə uğursuz nəticələnib. Ümumilikdə isə Paşinyanın atdığı addımlar heç vaxt Moskvanın diqqətindən yayınmır”.

Könül Cəfərli