Digər

Daha bir azərbaycanlı xanım İsveçdə millət vəkili seçildi - FOTO

Metbuat.az

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.

Bu barədə Publika.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük siyasi təşkilatı olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür: “2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa, 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial-Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Məlumat üçün qeyd edək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq region parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir.

Hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilinəcək.

İradə Əliyevanın 2012-ci ildən özünə sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi şirkət açıb.

2013-cü ildən özü bir qadın cəmiyyəti yaradıb. Bu cəmiyyətdə müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır”.

O, əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı, 20 yaşında qızı, 13 yaşında oğlu var. Qızı da siyasətlə maraqlanır və builki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.