Ölkə

Bakının mərkəzində səyyar ticarət qanunidirmi?

Metbuat.az

Nizami küçəsi və digər mərkəz ərazilərdə səyyar ticarətə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin deyil, şəhərin Ticarət Departamentinin səlahiyyətlərinə aiddir.

Publika.az xəbər verir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Bakının Nizami küçəsində səyyar ticarətin qanunsuz olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, obyektlərə Ticarət Departamenti tərəfindən nəzarət olunur və hər hansı pozuntulara yol verilməsi hallarının qarşısı alınır.

“Ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının “Torqovı” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. Ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur. Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyari xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır.

Nizami küçəsindəki mövcud sıxlıq Avropanın ən çox turist qəbul edən şəhərləri ilə müqayisədə xeyli azdır. Gələcəkdə də bu istiqamətdəki işlər dünya praktikasına uyğun, sivil qaydada aparılacaq, ölkəyə, paytaxtımıza daha çox turist cəlb etməklə qeyri-neft sektorunun inkişafına, bununla da yeni iş yerlərinin açılması və ictimai-iaşə və ticarət sektorunda müsbət dəyişikliklərə nail olunmağa səy göstəriləcək”.

Müqayisə üçün dunyanın məhşur turizm məkanlarının fotolarını təqdim edirik.