Digər

Azərbaycanın təhlükəsizliyi ATƏT-ə üzv olan ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir - Millət vəkili

Metbuat.az

"ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan arasında uzun illərdir davam edən münqaişənin həlli ilə bağlı heç bir real addımlar atmayıb".

Bu sözləri Publika.az-a millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qreminger ilə görüş çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bir sıra aktual məsələləri müzakirə edib:

"Nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verən ciddi hərbi-siyasi və iqtisadi qarşıdurmalar kontekstində ATƏT-ə üzv olan ölkələrin də milli təhlükəsizliyi bu və ya digər dərəcədə təhdidə məruz qalır. Belə ehtimallar mümkün hesab edirlir. Adından da göründüyü kimi Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatı isə əlbətdə belə məsələləri öz tərəfdaşları ilə müzkirə etməli və təhlükəsizlik tədbirləri görməlidir. Bu mənada, Avropanın cənubi-şərq tərəfdaşları içərisində Azərbaycan olduqca strateji bir ölkə hesab olunur. Azərbaycanın təhlükəsizliklə bağlı strateji əhəmiyyəti təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır. Eyni zamanda həm də coğrafi mövqeyi və hərbi-iqtisadi resursları ilə də şərtlənir. Ona görə də Tomas Qremingerin ATƏT-in baş katibi kimi Azərbaycana səfəri məhz bu kontekstə qiymətləndirilməlidir və bu da ölkəmizin təhlükəsizlik məsələləri baxımından da olduqca əhəmiyyətlidir. Ancaq məsələ ondadır ki, artıq uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalıb. Problemi həll etmək üçün ATƏT-in xüsusi Minsk qrupu yaradılıb. Lakin bu günə qədər bu qrup problemin həlli ilə bağlı heç bir real töhfə verə bilməyib. Üstəlik də hazırda Ermənistana rəhbərlik edən küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən baş nazir Nikol Paşinyan hər gün yeni bir sərsəm bəyanatla Azərbaycanı təhdid edir. Buna mütləq ATƏT tərəfindən qiymət verilməli idi. Çünki Azərbaycanın təhlükəsizliyi bu təşkilata üzv olan digər ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir".

Millət vəkili onu da əlavə edib ki, ATƏT problemin həlliylə bağlı vasitəçilik missiyasını BMT TŞ-nın mandatıyla öz üzərinə götürübsə, neytral mövqe sərgiləməməlidir:

"ATƏT-in baş katibi Tomas Qremingerlə görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbul edilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir. Bundan başqa Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Doğurdan da bu çağırış həm beynəlxalq hüquq, həm də real siyasi proseslər kontekstində olduqca əsaslandırılmış bir çağrışdır. Şübhəsiz ki, ATƏT belə həssas məsələyə öz münasibətini bildirməli, işğal faktına son qoymaq üçün öz vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir. Əks təqdirdə, bundan sonra bütün məsuliyyət işğalçı Emənistan və onu idarə edənlərin üzərinə düşəcək ki, bu da ermənilər üçün yaxşı heç nə vəd etmir. Regionda hamı, o cümlədən Ermənistan da Azərbaycanın hərbi qüdrətini və mümkün müharibə variantında onu dəstəkləyəcək iqtisadi resursları yaxşı bilir".

Könül Cəfərli