Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə...
...Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq
Artıq erməni ictimaiyyəti Ermənistanın yeni hakimiyyəti və onun rəhbəri Nikol Paşinyanın inqilab öncəsi verdiyi iqtisadi və siyasi vədləri yerinə yetirmək iqtidarında olmadığını yaxşı anlayır. Dəfələrlə vurğuladığımız kimi, bu işğalçı ölkənin iqtisadi potensialı iflas ərəfəsindədir. Regiondakı bütün qlobal layihələrdən məhrum edilən, yalnız xaricdəki milyonçu ermənilərin yardımları hesabına dövlət büdcəsini alayarımçıq formalaşdıra bilən Ermənistan hakimiyyəti ac erməni millətinin ümidlərini doğrulda bilmir.
Artıq İrəvanın küçələrində maaşlarını və pensiyalarını aylardır ala bilməyən vətəndaşların etiraz aksiyaları başlayıb. Hətta aksiyalarda çıxış edənlər açıq şəkildə Paşinyanın daxili və xarici siyasətini pisləyirlər. Ermənistandakı siyasi və iqtisadi xaosun digər səbəbi buradakı klanlararası savaşın şiddətlənməsidir. Keçmiş prezidentlər Robert Koçaryanın özünün, və Serj Sarkisyanın ətrafının və qohumlarının korrupsiya və rüşvət ittihamları ilə həbs edilmələri, ordudakı qətl və cinayətlərə görə keçmiş generalların zindanlara atılması “Qarabağ klanı” ilə “İrəvan klanı” arasında az qala müharibə həddinə çatıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətindəki antirus əhval-ruhiyyə də bu ölkənin regional siyasi fəaliyyətini dalana dirəyib.
Bir sözlə, Ermənistanın mövcud hakimiyyəti bütün bu mənfi tendensiyaları önləmək və əhalinin etirazlarını səngitmək üçün Dağlıq Qarabağda yeni müharibə çağırışları ilə bağlı sərsəm açıqlamalar və bəyanatlar verməkdədirlər. Eyni zamanda, onlar erməni ictimaiyyətinin əvvəlki etimadını bərpa etmək üçün populist çıxışlar və avantürist iddialarla gündəmdə qalmaq istəyirlər. Xüsusilə N.Paşinyanın son zamanlar Azərbaycan dövləti və onun rəhbəri haqqındakı həqiqətdən çox uzaq fikirləri artıq gülüş obyektinə çevrilməkdədir.
Belə ki, onun diktəsi ilə Ermənistan parlamentinin “Şant-2018” hərbi təlimləri çərçivəsində Azərbaycana müharibə elan etməsi əsl gicbəsərlikdir. Bu dığa qanmır ki, artıq 28-30 ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir. Müharibə aparan ölkələrin bir-birinə yenidən müharibə elan etməsi Nikol Paşinyan populizminin kulminasiya nöqtəsidir.
Eyni zamanda onlar elə ediblər ki, guya ötən iki gündə ermənilər cəbhə xəttində bir neçə Azərbaycan əsgərini öldürüblər. Ölkəsində siyasi və kriminal düşmənləri çoxalan Nikolun Azərbaycanla bağlı dezinformasiyaları birinci deyil və təbii ki, sonuncu da olmayacaqdır. Hətta bu küçə uşağının (erməni siyasətçiləri onu məhz belə adlandırırlar) ölkəmizin daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verməsi də gülüş hədəfinə çevrilir. Bir sözlə, Nikolun erməni ictimaiyyətini saxta informasiyalarla aldadaraq nüfuz qazanmağa çalışması yalnız siyasi naşılığın deyil, həm də küçədən gəlmə siyasi əxlaqın təzahürləridir.
Paşinyanın daha bir sərsəmləməsi-Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatıdır. Bu barədə danışan Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov qeyd edib ki, birinci dəfə deyildir ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir: “Əvvəla, bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyanın diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz.”
Qeyd edək ki, Paşinyanın 4 aylıq hakimiyyəti həm xarici siyasi analitiklər, həm də erməni şərhçilər tərəfindən yeni diktatura rejiminin qurulması kimi şərh edilir. Hətta eks-prezident Koçaryanın həbs edilməsi ilə bağlı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri ilə İstintaq komissiyasının rəhbərlərinin gizli danışıqları deşifrə olunduqdan sonra Paşinyanın göstərişi ilə istənilən siyasi rəqibin həbsinin mümkünlüyü aşkar oldu.
Təbii ki, Azər Qasımovun vurğuladığı kimi, Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır: “Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.”
Azər Qasımov bildirib ki, Paşinyanın növbəti sarsaq açıqlaması Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlıdır: “Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi. Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə o təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada əsasən məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyildir.”
Azər Qasımov Paşinyanın necə siyasi şoumen olmasını da yüksək səviyyədə izah edir və deyir ki, onun necə şoumen olması bizə yaxşı bəllidir: “Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görmüşlər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim etmişdir. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir. Sonda bir daha bildirmək istəyirik ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük”.
Bu arada qeyd etmək yerinə düşər ki, Paşinyan və onun komandası Azərbaycan dövlətinin və onun Silahlı Qüvvələrinin qarşısındakı acizliyini hələ də hiss etmək qabiliyyətində deyil. Belə ki, Azərbaycan dünyadakı ən güclü ordular sırasındakı yerini nəinki qoruyub, hətta bir xeyli reytinq qazanıb. Ordumuz dünya reytinqində 2017-ci illə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. Bu göstərici reytinqlər üzrə ixtisaslaşan “Globalfirepower” portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub. Ölkəmiz bu göstəriciyə görə qonşularından (Gürcüstan 82-ci, Ermənistanı isə 84-cü sıradadırlar) bir xeyli irəlidədir.
Bu təbii ki, sıradan bir göstərici deyil, Azərbaycan Ordusunun gücüdür, eyni zamanda, qüdrətli olmağının gerçəkliyidir. Məhz elə bu gerçəkliklə Nikolun sərsəm danışan ağzını yummağa çox az qalıb.//İkisahil.com