Avropa İttifaqı Britaniyanın “Breksit” planı üzrə təkliflərini qəbul etməyib
“Breksit” üzrə danışıqlarda Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin rəhbəri Mişel Barnye Britaniyanın Aİ-dən çıxmaq planının əsas müddəalarını rədd edib.
Metbuat.az Azərtaca istinadən xəbər verir ki, tərəflər arasında görüşün Avropa Komissiyası tərəfindən dərc olunan stenoqrammasına görə, avropalı siyasətçi Londonun azad ticarət zonasının yaradılması tələbini və gömrük qaydalarına dair təklifini “qəbuledilməz” adlandırıb. Barnye bildirib ki, planın müddəaları “Avropanın daxili bazarının bütövlüyünü şübhə altına alır”.
Baş nazir Tereza Meyin planında sənaye məhsulları üçün “qaydalar məcmusunun” Aİ tərəfindən qəbulu nəzərdə tutulur. Bu kontekstdə malların maneəsiz istehsalının təmin edilməsi üçün Böyük Britaniya ilə kontinental Avropa arasında yarımfabrikatların daşınmasının zəruriliyi ön plana çıxarılır.