"ATƏT-in bir-biri ilə uzlaşmayan bəyanatlara rekasiya verməməsi çaşqınlıq yaradır" - ŞƏRH
“ATƏT Avropada təhlükəsizliyə və əməkdaşlığa məsuliyyət daşıyan bir dövlət, təşkilat kimi oxşar presidentlərə dərhal reaksiya verməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində tənzimləyici funksiyanı yerinə yetirir, vasitəçilik edir. Eyni zamanda, ATƏT Ermənistanın baş naziri Nikol Paşinyanın bu günə qədər aparılan danışıqların mahiyyətinə uyğun gəlməyən açıqlamalar verməsinə dərhal münasibət bildirməli idi. Bu məsələ ilə bağlı cənab prezidentimiz İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə öz fikirlərini səsləndirdi”.
Bu sözləri Publika.az-a analitik Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan qısa müddət ərzində bir-birinin ardınca mahiyyət etibarilə tamamilə ziddiyyətli bəyanatlar verərək özünü güldürüb:
“Ermənistanın baş naziri N.Paşinyan son bir neçə gün ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müxtəlif bəyanatlarla çıxış edib. Onların hər biri digərini təkzib edir. Eyni zamanda, bu bəyanatlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu günə qədər aparılan danışıqların mahiyyətinə uyğun gəlmir. Bəyanatlardan biri Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb olunması, biri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, digəri Dağlıq Qarabağ ətrafında olan 7 rayonun qondarma rejimin konstruksiyasına uyğun olaraq Dağlıq Qarabağa aid edilməsi və nəhayət, sonuncu bəyanatı Azərbaycanın kopramisə razılıq verəcəyi təqdirdə, Ermənistanın da konstruktiv danışıqlara hazır olmasıdır. Bütün bunlar gerçəklikdən uzaq və mahiyyət etibarilə bir-birinə zid bəyanatlardır. ATƏT-in faktiki olaraq bir-biri ilə uzlaşmayan bu bəyanatlara rekasiya verməməsi də çaşqınlıq yaradır. Bu bəyanatlar nəyə xidmət edir? Onu demək olar ki, burada məqsəd yalnız danışıqlar prosesinin uzadılmasıdır. Amma onlar unudur ki, Azərbaycan Ermənistanda baş nazirin, ondan sonra gələcək hər hansı bir şəxsin bir-biri ilə ziddiyyət təşkil edən, anlamsız iddialarını, fikirlərini dinləmək niyyətində deyil. Bu vəziyyətdə ATƏT Ermənistanın baş nazirinin verdiyi açıqlamalara reaksiya verməlidir. Bu açıqlamaların təhlükəsizliyə xidmət etmədiyi, eyni zamanda danışıqlar prosesini pozduğu qeyd edilməlidir. Şübhəsiz ki, Ermənistana qarşı müvafiq sansksiyaların tətbiq edilməsi üçün lazımı təşkilatlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına müraciət olunacaq. Yaranmış vəziyyət birbaşa bu addımları atmağa vadar edir. Cənab prezidentin də qeyd etdiyi kimi əks təqdirdə, məsuliyyət Ermənistanın və baş nazir Nikol Paşinyanın üzərinə düşəcək. Çünki Azərbaycan uzun illər Ermənistandakı hakim dairələrin nə zaman ağıllanacağını gözləmək niyyətində deyil. Bu bizim üçün vaxt itkisidir. Şübhəsiz ki, buna yol verməmək üçün Azərbaycan BMT nizamnaməsinin tələblərinə uyğun olaraq özünü müdafiə prinsiplərini işə salıb öz torpaqlarını işğaldan azad etmək üçün müvafiq addımlar atacaq”.
Könül Cəfərli