"ATƏT Ermənistanın sərsəm bəyanatlar verməsinə şərait yaradır"- POLİTOLOQ
“ATƏT-in fəaliyyəti deklorativ xarakter daşıyır. Münaqişənin tənzimlənməsi istiqamətində bu günə qədər heç bir real addım atılmayıb. Təbii ki, bütün bunlar Ermənistanı bu cür xəyalpərəst, sərsəm bəyanatlar verməyə cürətləndirir”
Bu sözləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, ATƏT-in Ermənistanın bir dəfə də olsun işğalçı dövlət kimi tanımaması bizə qarşı kifayət qədər hörmətsizlikdir:
“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinə bel bağlaya bilmərik. ATƏT-in vasitəçiliyinin bu dərəcədə səmərəsiz olmasının altında yatan səbəbləri axtarmağa dəyməz, çünki hər şey açıq-aydın ortadadır. Bu günki mövqe ondan xəbər verir ki, ATƏT bu günə qədər gerçəkləşdirdiyi mövqeyini davam etdirəcək. Nə vaxta qədər ki, işğalçı öz adı ilə çağrılmayacaq, onlardan Azərbaycana qarşı ədalətli addım gözləmək olmaz. Münaqişənin mahiyyəti haqqında düzgün mövqe önəmlidir. Bildirilməlidir ki, bu münaqişə hansı səbəblərdən baş verib və günahkar tərəflər kimlərdir. Ermənistan Azərbaycana qarşı işğal siyasətini açıq-aşkar həyata keçirir, ardıcıl olaraq torpaqlarımızı işğal edib, Dağlıq Qarabağ ərazisində baş verən hadisələrə görə Ermənistan məsuliyyət daşıyır. Əgər ATƏT bu gün hər kəsin gözü önündə olan faktlara biganə yanaşırsa, münqaşiə ilə bağlı obyektiv mövqe nümayiş etdirmirsə, biz onlardan nəsə gözləyə bilmərik. Paşinyanın sərsəm bəyanatları sözün həqiqi mənasında Ermənistanın işğalçı dövlət olduğunu sübut edir. Paşinyan özü də bilmədən ATƏT-dən daha obyektiv mövqe sərgiləyərək, kartlarını açıq oynayır. Bir neçə gün öncə N.Paşinyan Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyinə dair bəyanat vermişdir. Bu çox açıq şəkildə o deməkdir ki, Ermənistan Dağlıq Qarabağı işğal edib və Dağlıq Qarabağın hüquqi statusunu dəyişdirməyə çalışır. Paşinyan bunu deyirsə, biz elə buna istinad edərək Ermənistanı işğalçı adlandıra bilərik. ATƏT, BMT, Avropa Şurası, eləcə də problemin həlli istiqamətində aparılan danışıqlarda bu və ya digər şəkildə rolu olan təşkilatlar N.Paşinyanın bu bəyanatına istinad edərək özlərinin qəti və obyektiv mövqelərini ortaya qoymalıdırlar. Ermənistan işğalçı dövlət adlandırılmalıdır ki, onlara qarşı beynəlxalq hüquqi normalar çərçivəsində addımlar atılsın”.
Politoloq Paşinyanın öz ziddiyyətli fikirləri ətrafında dolaşıb qaldığını, bununla da özünü gülünc vəziyyətə saldığını deyib:
“Bir tərəfdən deyir ki, Dağlıq Qarabağı Ermənistana birləşdirəcəyik, digər tərəfdən də Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlarda iştirak etməsini tələb edir. Burada paradoksal fikir yaranır. Təbii ki, bu olduqca gülüncdür. ATƏT-in buna susması isə onun Ermənistanın işğalçı siyasətini dəstəkləməsi kimi qiymətləndirilir. Separatçı rejim öz”hüquqları” uğrunda mübarizə aparır. ATƏT bu bəyanatlara səssiz qalmaq yerinə, öz mövqeyini ortaya qoymalı idi. Ermənistana qarşı zor tətbiq edə bilməz, çünki hərbi qüvvəsi yoxdur. Amma ən azından bu gün ATƏT Azərbaycana hüquqi əsas verməlidir ki, biz o hüquqi əsasa söykənərək öz addımlarımızı ataq. Hüquqi əsasın mahiyyəti isə yalnız və yalnız Ermənistanın işğalçı dövlət kimi tanınmasdır. Heç olmasa, bunu edə bilər. Amma görünür onların səmərəli addımlar atmaq fikirləri yoxdur. Yalnız bu hüquqi əsas da bəs edər ki, biz BMT Təhlükəsizlik Şurasına, digər müvafiq instansiyalara müraciət edərək Ermənistanın əsassız iddialarına qarşı lazımı addımların atılmasını tələb edək”
Könül Cəfərli