Digər

"ATƏT başa düşməlidir ki, Paşinyanın psixi durumu yerində deyil" - POLİTOLOQ

Metbuat.az

“ATƏT-in Minsk qrupunun həmsədrləri uzun illər ərzində tamaşaçı mövqeyi tutub. Düzdür, bir sıra bəyanatlarla çıxış etsələr də, Ermənistanın qətnamələri yerinə yetirməyə vadar etmirdilər. Bunu isə ədalətli mövqe hesab etmək olmaz”.

Bu sözləri Publika.az-a politoloq Fikrəd Sadıqov deyib. O bildirib ki, reallıq odur ki, işğal olunmuş torpaqlarımız geri qaytarılmalıdır:

“Təəssüflər olsun ki, bu həmsədrlər və bu məsələdə rolu olan digər təşkilatlar Ermənistana heç bir təzyiq göstərmirlər. Ona görə də Ermənistan çox rahat şəkildə, ağzına gələnləri deyə bilir. Nikol Paşinyan həqiqətə uyğun gəlməyən, müxtəlif qondarma bəyanatlar verir. Mən hesab etmirəm ki, bütün bunlar sadəcə Paşinyanın təcrübəsizliyindən irəli gəlir. Sadəcə olaraq hadisələr, proseslərin gedişatına baxanda görmək olur ki, Paşinyanın psixi durumu yerində deyil. Onun bu cür bəyanatlar verməsi anormallıqdır. Həqiqətən də bu anormallıqdır. Necə ola bilər ki, sağlam düşüncəli bir adam Azərbaycanın işğal altında olan 7 rayonunun Dağlıq Qarbağın tərkib hissəsi olduğunu deyir. Ya da deyir ki, yaxın gələcəkdə Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək. Ümumiyyətlə bu cür absurd bəyanatları özünə hörmət edən heç bir siyasətçi deməz, beynəlxalq hüquq prinsipləri ilə fəaliyyət istiqaməti seçən beynəlxalq təşkilatlar da qəbul etməz. Bundan ortaya çıxan nəticə yalnız və yalnız onun psixi durumunun stabil olmadığını göstərir. Çox təəssüflər olsun ki, həmsədrlər buna münasibət bildirmir. Bu belə davam edərsə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün tam hüququndan istifadə edəcək. Belə bir şəraitdə Azərbaycanın başqa yolu yoxdur”.

Politoloq onu da əlavə etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri birlikdə Ermənistanın yeni baş nazırı Nikol Paşinyana ünvanlanmış müraciət hazırlamalıdırlar:

“Paşinyana ünvanlanan bəyanatda qeyd edilməlidir ki, Azərbaycan-Ermənistan münaqişəsi ətarfında aparılan danışıqlar prosesində məqsəd nədən ibarətdir, hansı dövlətlərin iştirakına icazəsı var, işğal olunmuş torpaqlarla bağlı neçə qətnamə qəbul edilib və tərəflər bunlardan neçəsinə əməl edib və nəhayət, bu konteksdə Ermənistanın atdığı addımlar pislənməlidir. ATƏT isə bunu etmir. Kənardan tamaşaçı mövqeyində dayanır. Bu isə aparıcı dövlətlərin təmsilçilərinin göz önündə olan faktları danması deməkdir. Bu mövqe birbaşa N.Paşinyan üçün bu cür anormal bəyanatlar verməyə olduqca əlverişli şərait yaradır”.

Könül Cəfərli