Xəzər Dəniz Gəmiçiliyindən XƏBƏRDARLIQ: İşə qəbulla bağlı vədlərə ALDANMAYIN
Son zamanlar dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris müəssisələrinin gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işlə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar daxil olmaqdadır.
Qurumdan Publika.az-a verilən xəbərə görə, belə
müəssisələr özlərinin “Azərbaycan XəzərDəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinə aid olduqlarını, müəssisəni bitirənlərin
birbaşa olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətində işə qəbul ediləcəklərini bildirir və bu yolla dənizçi
peşəsində işləmək arzusunda olan şəxsləri aldadırlar.
““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
(bundan sonra – Gəmiçilik) qeyd edir ki, dənizçilərin (sıravi
heyət) işə qəbulu, əsasən yaranmış tələbat daxilində Gəmiçiliyin
tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun
nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından
Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun
olaraq müsabiqə yolu ilə aparılır. Əlavə tələbat və təcili zərurət
yarandığı, o cümlədən Gəmiçiliyin tabeliyində olan təhsil
müəssisələrini bitirmiş müvafiq kadr olmadığı halda, Gəmiçilik
kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə
qəbulu məsələsinə baxır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Dövlət Dəniz
Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən
başqa digər tədris müəssisələrinin Gəmiçiliyə aid olmadığını bütün
maraqlı şəxslərin diqqətinə çatdırır və Gəmiçiliyin “İnsan
resurslarının idarəedilməsi Qaydaları”ndan kənar işə qəbulla bağlı
verilən vədlərə inanmamağa çağırırıq” - deyə məlumatda qeyd
olunub.