Ölkə

Şadlıq evindən çıxan tüstü sakinləri narahat edir - VİDEO

Metbuat.az

Bakıda şadlıq evindən havaya buraxılan tüstü ətrafda yaşayan sakinlər üçün problemə çevrilib. Ərazidə yaşayan yüzlərlə ailə tüstü səbəbindən çətinlik çəkdiklərini, nə eyvana, nə də həyətə çıxa bildiklərini deyirlər.

Şadlıq evinin mətbəxindən çıxan tüstü ətrafı bürüyüb. Üstəlik, yaxınlıqda yerləşən yaşayış binası ilə şadlıq evinin arasında bir neçə metr məsafə var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsi Seyid Əzim Şirvani küçəsində yerləşən ''Leyla'' şadlıq sarayındandır.

Yaxınlıqdakı binada yaşayan Qanboy Fərmanov deyir ki, şadlıq sarayında toy olan zamanı mətbəxdən çıxan tüstü birbaşa onların yaşadığı binaya vurur.

Məsələ ilə bağlı adıçəkilən restorana məsul şəxs İbrahim Babayev problemin yaxın günlərdə həll ediləcəyini bildirdi. Onun sözlərinə görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara bununla bağlı xəbərdarlıq məktubu verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, artıq paytaxt ərazisində bir neçə restoran və şadlıq saraylarının mətbəxlərində tüstünün qarşısını almaq üçün avadanlıqların quraşdırılmasına başlanılıb. Bu tədbirlər davam etdiriləcək. Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və təbii sərvətlər nazirliyi Bakıda yerləşən şadlıq evlərinin sahiblərinə bu barədə xəbərdarlıq etmişdi. Həmin obyektlərdə tüstünün qarşısını alınması məqsədilə avadanlıqların quraşdırlması üçün 15 gün vaxt verilmişdi. Sentyabrın 1-dən etibarən isə bu vaxt bitir. Xəbərdarlığa məhəl qoymayan şadlıq evlərinin sahibləri isə qanuna müvafiq şəkildə cəzalandırılacaq.

Milli.Az